2021-ci ildə insan resursları sahəsində yeni trendlər
Pandemiya nəticəsində bir çox sahədə köklü dəyişikliklər baş verir. İnsan resursları sahəsi də bunlardan biridir. 2021-ci ilin yeni trendlərə uyğunlaşma ili olacağına şübhə yoxdur. İş proseslərimiz, səyahət təcrübələrimiz və həyat tərzimiz müəyyən dərəcədə yenidən nizama salınmalıdır. Şirkətlər üçün yeni istedadların axtarışı, müsahibə və işə uyğunlaşma mərhələlərində yeniliklər müşahidə oluna bilər.
Bu dəyişiklikləri idarə etmək və gələcəkdə baş verənlərə hazırlıqlı olmaq üçün bu ilin işəqəbul proseslərini proqnozlaşdırmaq olar.
Markaların rolu artır
LinkedIn-in təqdim etdiyi araşdırma nəticələrinə əsasən, namizədlərin təxminən 75%-i vakansiyaya müraciət etməzdən əvvəl şirkətin markasına və nüfuzuna nəzər yetirir.
Seçimlər arasında iş şərtləri - əmək haqqı, iş saatı, məzuniyyət günləri və s. eyni olduqda namizədlər şirkətlərdə komanda quruluşu və ümumi iş fəlsəfəsi kimi şeylərə əsasən seçim edirlər. 2021-ci ildə rəqabət artdıqca şirkətlərin sosial şəbəkə hesabları, veb-sayt və bütün məlumatların yenidən qurulması lazım ola bilər ki, bazarda yerini ala bilsin.
Evdən işləmək məcburiyyət deyil, seçim olmağa başlayır
Pandemiyanın təsiri nəticəsində işçilər evdən işləməyə məcburdurlar. Hələlik bu dəyişiklik həm şirkətlərə (maliyyə baxımından), həm də işçilərə (rahatlıq baxımından) fayda verə bilər. Ancaq bəzi sahələrdə bu modelin məhsuldarlığı azaltdığı görülür.
Evdən işləməklə bağlı bəzi çətinliklər:
Kompüter biliklərinə ehtiyacın artması. Evdən səmərəli işləmək üçün namizədlərin kompüter və rəqəmsal biliklərinin olması vacibdir. Çox güman ki, rəqəmsal və kompüter bilikləri 2021-ci ildə ən vacib tələblərdən biri olacaqdır.
Yeni proqram təminatlarına yatırım. Uzaqdan işləmək daha da təkmilləşdikcə əməkdaşlıq və məhsul idarəetmə vasitələri üçün tətbiqlər artıq məşhurlaşmağa başlamışdır. Bu, bazarda artan rəqabətə səbəb olacaq. Bu da qiymət dəyişikliyinə və ya yeni məhsulların inkişafına səbəb ola bilər.
Freelancerlər ilə iş. Evdən işləmə dövründə bir çox sahələrdə ofisdə olmanın işə o qədər də təsir etmədiyi başa düşüldü. Belə olduqda, tam ştat işləyən işçilər freelance işçilərə nəzərən şirkətə baha başa gəlir. Bəzi şirkətlər freelancerlər ilə işləməyə üstünlük verəcəklər. Bu, işə götürənlər üçün yeni bir çətinlik yaradacaq, çünki sərbəst işçilər üçün seçim prosesi daimi işşilərdən fərqli və vaxt alan prosesdir.
Komanda birliyinə təsir. Uzaqdan işin komandanızdakı münasibətlərə mənfi təsir göstərə biləcəyini bilmək üçün bir psixoloq olmaq məcburiyyətində deyilsiniz. Çay fasilələri, ofis naharlarında qrup söhbətləri olmadıqda insanlarla ünsiyyətdə olmağın yeni yolları inkişaf etdirilməlidir.
Onlayn işəqəbul prosesi yeni norma olur
Qlobal pandemiyanın bizə gətirdiyi başqa bir tendensiya onlayn işə götürmənin genişləndirilməsidir. Bəzi şirkətlər bu yeni fenomendən kənarda qaldıqları halda, digərləri tez uyğunlaşdılar və qısa müddətdə bu prosesin ənənəvi yanaşma ilə müqayisədə bir çox üstünlükləri olduğunu tapdılar.
Bu, 2020-ci ildəki ən mühüm dəyişikliklərdən biri oldu və 2021-ci ildə daha da çoxunu görəcəyik.
Video müsahibələr və onlayn testlər namizəd bacarıqlarını qiymətləndirmək üçün etibarlı seçim olaraq qalır, ancaq üz-üzə təcrübəni tamamilə əvəz edə bilmirlər. İşəgötürənlər üçün bədən dilinin köməyi olmadan namizədləri qiymətləndirmək çətindir.
Bu, müsahibələrdə yaxşı görünən, lakin işə düzəldikdə qeyri-kafi nəticələr göstərənlərin işə alınması deməkdir. Bu vəziyyətlər artarsa, bir çox şirkət yeni işçilərinin texniki bacarıqlarını tez bir zamanda inkişaf etdirmələrinə kömək edə biləcək həllərə investisiya etməlidir.
İş yerində müxtəliflik xüsusi önəm daşımağa başlayır
Şirkətlər 2020-ci ildə daha fərqli qrupların işə alınması üçün səy göstərməyə başlamışlar və bunun 2021-ci ildə dəyişməsi ehtimalı çox azdır. Şirkət quruluşunua yaxından baxmaq və müxtəlif işçi qüvvəsi yaratmağa gəldikdə təşəbbüskar olmaq insan resursları şöbəsinin əsas hədəflərindən biri olacaqdır.
Müxtəliflik dedikdə yalnız cinsiyyət, irq və yaş kimi xüsusiyyətləri deyil, müxtəlif bacarıqlara istinad edilir. Müxtəlif işçi qüvvəsi cəlb etmək işə birbaşa təsir edəcək. Məsələn, müştərilərinizi daha yaxşı başa düşməyinizə və hətta daha yüksək gəlir əldə etməyinizə kömək edə bilər.
Təcrübə və təəssüratlar vacibliyini qoruyur
İşçilər şirkət nüfuzuna əvvəlkindən daha çox təsir göstərə bildiklərindən təcrübələri və müştəri ilə əlaqələri markanın nüfuzuna birbaşa təsir edəcəkdir. Digər tərəfdən, işçinin iş mühitindən məmnun qalması da böyük önəm daşıyır.
İşçilərin davranışları bir çox şirkət tərəfdən birtərəfli qiymətləndirilir. Lakin məmnun olmayan və işdən çıxan işçiləri başa düşməyə çalışaraq iş mühitini daha da yaxşılaşdırmaq mümkündür. Daha yaxşı iş mühiti yeni istedadları və təcrübəli namizədləri komandaya daxil etməyinizi asanlaşdıracaq.
İşçilər üçün müsbət təcrübə yaratmağa yönəlmiş təşkilatların daha uğurlu və gəlirli olduğu görülür. Eyni təsirlər namizəd təcrübəsi üçün də mühümdür. Namizədlər istifadəsi rahat və asanlıqla profil qurmaq, iş axtarmaq və müraciət etmək üçün kömək edə biləcək karyera saytları istəyirlər. Buna görə də şirkətlərin daha əlverişli saytlarla əməkdaşlığı səmərəliliyi artıracaq və namizəddə müsbət təəssüratlar yaradacaqdır.
Ancaq namizəd təcrübəsi bununla bitmir. Namizədlərlə necə əlaqə qurulduğu, müsahibələr təşkil edildiyi və təqib proseslərinin həyata keçirildiyi təşkilatın nə qədər peşəkar olduğu haqqında məlumat verəcək. Bu da namizədlərin həmin şirkətdə işləmək qərarlarına bir başa təsir edəcək. Rəqabəti yüksək olan əmək bazarında müsbət təəssürat yaradaraq ən yaxşı istedadı cəlb etməklə birlikdə, rəqiblərinizin bu istedadı cəlb etməsinin qarşısını ala bilərsiniz.