Art direktor kimdir?

19 Sentyabr 2022 3097

Sizi tanıyaq

Rizvan Bağırlı Elbrus oğlu. İsmayıllıda doğulub, orada böyümüşəm. Orta məktəbi də İsmayıllı şəhərində bitirib, ali təhsilimi Bakıda, İqtisad Universitetində almışam. Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr və magistr pillələrini oxuyub iqtisadçı olmuşam. Bu da ilk gözlənilməz, sürpriz məqam — bir çox (əksər) dizayner, art-direktorlarımız kimi ixtisasca dizayner deyiləm. İki illik iqtisadçılıq fəaliyyətindən sonra tədricən, yavaş-yavaş dizayner oldum. Universitet vaxtından qrafik dizayn proqramlarına olan fərqli maraq məni bu sahəyə keçid etməyə yönəltdi. 2006-cı ildən bu yana, on beş ildən çoxdur ki, qrafik dizayner kimi çalışıram. Bu illər ərzində Ogilvy, McCann kimi qlobal reklam agentliklərində dizayner və art direktor olmuşam. 2018-ci ildən karyeram Code Academy-də davam edir. Akademiyada tələbələrə qrafik və UX/UI dizaynı təlimi verirəm. Adobe şirkətinin sertifikatlı eksperti və instruktoruyam. Eyni zamanda qlobal və yerli dizayn layihələriylə məşğul olan Marka dizayn studiyanın həmtəsisçisi və art direktoruyam. Müasir dizaynın ən vacib hissəsi olan tipoqrafika haqqında azərbaycan dilində ilk kitabın müəllifiyəm. 

Art direktor kimdir və hansı işləri görür?

Biz direktor sözünü sevirik. Söz özlüyündə çox yüksək vəzifə, şöhrət və təntənə daşıyır. Ona görə də dizayn sahəsində çalışan hər kəsin ali arzusu budur ki, nə vaxtsa vizit kartında vəzifə yerində “art direktor” sözü yazılsın (bundan sonra ancaq CEO qalır). Amma art direktor kimdir, nə işin sahibidir bunu çoxları, bəlkə də, heç bilmir.

Art direktor hər hansı bir dizayn studiya, reklam agentliyi və ya dizayn-reklam işləri görən bir korporativ komandada iki missiyanı yerinə yetirir. Bu missiyanın birincisi təbii ki, birbaşa dizaynla bağlıdır. Dizaynerə konseptual, vizual istiqamətlər vermək, dizaynerin təklif etdiyi versiyaların içindən uyğun, münasib olanları seçmək, bu variantlarda edilməli olan düzəlişləri və dəyişiklikləri təklif etmək art direktorun əsas vəzifə öhdəliyidir. 

Bu şəxsin ikinci vəzifə borcu isə daha çox idarəetmə-menecmentlə bağlıdır. Hər hansı layihə ilə bağlı ayrılmış komandanın birgə fəaliyyətini koordinasiya edilməsi, iş bölgüsünün təşkili, müştəriyə təklif olunacaq dizayn layihəsinin təqdimatının hazırlanması və təqdim edilməsi də art direktorun iş zamanının digər hissəsini zəbt edir. 

Karyeranızın əvvəlində hansı bacarıqları inkişaf etdirdiniz?

Artıq qeyd etdiyim kimi dizayna spontan və tədricən keçid etmişəm. İlk başlarda daha çox dizayna lazım olan qrafik proqramların öyrənilməsinə zaman ayırırdım. Bu mərhələdə özü öyrənən birinin paraleldə dərin nəzəri mövzuları araşdırmasının əsasən ciddi bir faydası olmur. Çünki proqramlar çox, funksionallıqlar hədsiz genişdir. Öyrədən, başa salan birinin olmaması isə bu proqramları mükəmməl öyrənmə müddətini çox uzun zamana yayır. Texnikaya fokuslanıb bu boşluğu doldurduqdan sonra isə anlayırsan ki, dizaynın nəzəri və təbii olaraq da estetik tərəfi çox geridə qalıb. Ondan sonra da başladım işin nəzəri tərəflərini araşdırmağa.   

Karyeranızda hansı daha dəyərli oldu: təhsiliniz və ya təcrübəniz?

Yuxarıda bu suala demək olar cavab vermiş olduq. Ümumiləşdirsək, ixtisas və təhsil baxımından iqtisadçı olduğum üçün dizaynerlik fəaliyyətimdə təhsilimin rolu az olub. Heç olmayıb demirəm, çünki uzun illər reklam sektorunda çalışmışam, bu xidmət sahəsi isə birbaşa iqtisadi fəaliyyət sahəsidir. Universitet vaxtı reklam, marketinq və ticarətlə bağlı aldığım nəzəri biliklər isə müştəri istəklərini bir iqtisadçı kimi anlamağa həmişə yardım edib. Biz dizaynerlər bir qayda olaraq müştəri şərhləri və müdaxilələrindən şikayət edirik. İqtisadçılıq isə məni bu narazılıq sindromundan qoruyub. Karyeramın uğurlu inkişafı isə təbii olaraq daha çox təcrübənin üzərində qurulub. Uzun zamana yayılmış bol qlobal və yerli layihələr, eksperimentlər, texniki biliklər, sonsuz yanlış qərarlar və onlardan çıxarılan nəticələr, dizaynın elmi, akademik tərəflərinin araşdırılması bu təcrübəni təşkil edir. 

Sizi bu sahədə çalışmağa motivasiya edən əsas şey nədir?

Dinamik və monotonluqdan çox uzaq olması. İqtisadçılıqdan uzaqlaşmağımın səbəbi əslində bu amillər olub. Satış meneceri kimi fəaliyyət göstərdiyim iki ildə işimin monoton olması dizayn sahəsinə keçid etməyə sövq etdi. Növbəti iş gününün ssenarisini bu gündən proqnoz vermək mümkün idi və bu hər günlər üçün adi bir hal idi. Belə olduqda isə səni işə davam etməyə ancaq iki amil stimul verə bilərdi — maaş və korporativ karyera pillələrində yuxarı qalxmaq (əslində bu da elə maaş faktoruna birbaşa bağlıdır). Bu iki amil isə uzun illər eyni yerdə həvəs və enerji ilə işləməyimə şərait yaratmayacaqdı. Ona görə də zamanında həyatımın ən düzgün qərarını verib yuxarıda sadaladıqlarımın əksinə hər günü rəngarəng, fərqli, dinamik keçən dizaynerliyə yönəldim. Bir müştəri ilə işləsən belə, müştərinin fərqli tələb və problemləri onlara fərqli yanaşma, yenilik tələb edir. Dizaynerin sabahkı işini, iş gününün panoramasını detallı təsvir etmək çox çətindir. Bu isə sabah durub işə getmək, səni gözləyən reklam-dizayn macərasına baş vurmaq üçün möhtəşəm stimuldur. 

Art direktorun günlük işləri nədən ibarətdir və hansı alətlərdən istifadə edir?

Art direktorun günlük işini vəzifə öhdəliklərində çox ətraflı şərh etdiyimiz üçün sualın birinci hissəsi məncə artıq hamımıza aydın oldu. Alətlərə gəldikdə isə sualın bu hissəsinə rusiyalı art direktor Artemiy Lebedevin sözləri ilə cavab vermək istərdim — ”Dizaynerin aləti Photoshop, art direktorun aləti isə dizaynerdir” (burada çoxlu gülən emojilər lazımdır). Dizaynerlərin qulağına çox ağır ifadə kimi gəlsə də, möhtəşəm izahdır. Əgər art direktor özü hər hansı qrafik dizayn işləri görmürsə, layihədə dizayner kimi iştirak etmirsə o zaman sadəcə dirijordur, idarə edir, yönəldir. Burda isə canlı ünsiyyət, kağız üzərində eskiz (cızma-qara), mail yazma proqramları, təqdimatlar üçün Power Point, Keynote kimi funkional alətlər lazım ola bilər. 

Art direktor digər hansı sahənin şəxsləri ilə müştərək işləməlidir?

Əgər art direktor haqqında danışdığımız ikinci missiyanı, yəni layihənin müəyyən fazasının idarə edilməsini təşkil edirsə o zaman kopirayterlər (mətn yazarlar), layihənin adminstrativ tərəfləri ilə məşğul olan menecer və marketoloqlar, reklam və dizayn məhsullarının istehsalı ilə məşğul olan mətbəə və poliqrafiya mütəxəssisləri sıx işləməli olur. Layihələr böyük olduqca bu sadaladığım şəxslərin siyahısı da uzana bilər. 

Bu sahədə peşəkar olmaq üçün nələrə diqqət edilməlidir?

Davamlı inkişaf və sabitlik. 

Dizayner kimi fəaliyyət göstərdiyim bu illər ərzində hər zaman agentlik və studiyaların yaxşı art direktor axtardıqlarına şahid oldum. Bu gün isə ciddi bir art direktor krizisinin yaşandığına şahid oluruq. Bu qurumlar əllərində lupa art direktor axtarırlar amma təəssüf ki, tapa bilmirlər. Çox maraqlı paradoksal bir məqamı da qeyd edim. Art direktor krizisi özəl tədris mərkəzləri, onlayn platformalar tərəfindən kütləvi dizaynerlərin yetişdirildiyi bir periodda yaşanır. On il əvvəl bazarda dizaynerlər spontan, sistemsiz, asta templə yetişirdi. Çünki bunun üçün hazırki komfortlu şərtlər ortada yox idi. O dövrdə art direktorun tapılmamasını, bəlkə də, normal qəbul etmək olardı. Bəs indi bu qədər dizayner bazara atıldığı halda niyə 3 il sonra art direktorlar yetişmir? 

Səbəbi isə əvvəldə qeyd etdiyim davamlı inkişaf və sabitlikdə axtarmaq lazımdır. Dizayner bazara addım atdığı andan durmadan öz üzərində işləməli, yeni texniki (proqram) bilikləri mənimsəməli, işin nəzəri tərəflərini də araşdırmalıdır. Adobe Photoshop və Adobe Illustrator proqramları ilə işə başlayan dizaynerin əksər hallarda 3 il sonra da elə bu iki proqramla yola davam etdiyini görəcəksiniz. Halbuki müasir bazarın tələblərinə uyğun olaraq dizayner hərəkətli animasiya və 3D qrafika biliklərinə də hakim olmalıdır. 

İşimizin nəzəri tərəflərinin öyrənilməsi baxımından isə vəziyyət daha çox acınacaqlıdır. Son vaxtlar ana dilimizdə dizaynla bağlı kitablar çap edilməyə başlayıb. Xarici dillərdə oxumağı bacarmırıqsa, bunu, bəlkə də, anlayışla qəbul etmək olar. Amma öz dilimizdə oxuyuruqmu? Müəllifi olduğum tipoqrafika haqqında kitabın (“Tipoqrafika” kitabı haqqında daha ətraflı bu saytda — tipoqrafika.az) oxucu auditoriyasının hədsiz az olması optimist olmağa əsas vermir. Fərqli dillərdə xarici ədəbiyyatları oxuyub, araşdıran dizaynerlərimizin sayı isə, yəqin ki, iki əlin barmaqlarının sayından çox olmaz. 

Gələk işin sabitlik tərəfinə. Sabitlik dedikdə dizaynerin mümkün qədər uzun müddət bir agentlik, studiya və ya şirkətdə işləməsini nəzərdə tuturam. Bir reklam agentliyində uzun müddət işlədikdə sən çox fərqli layihələrdə iştirak edirsən, fərqli müştərilərlə çalışırsan, personalın fərdləriylə ünsiyyətdə olub agentliyin iş prosesini, fəaliyyət fəlsəfəsini özünə hopdurmuş olursan. Belə olduqda isə bir müddət sonra fərqli layihələrdə təcrübəli dizayer kimi art direktorluğa cəlb edilmək fürsəti düşür. İş yerini tez-tez dəyişən dizaynerin dizayn təcrübəsini və idarəetmə bacarıqlarını, müştərilərlə adekvat və səbrli kontakt qurmaq səriştəsinin olub-olmamasını aşkar etməyə imkan yaranmır. 

Dizaynerlərin tez-tez yer dəyişməsinin isə bir qayda olaraq iki səbəbi olur. Birincisi maaş artımı (bir çox hallarda çox az artım olur), ikincisi isə dizaynerin rəhbərlik və ya müştəri tənqidlərini həzm etmək istəməməsi. Çox təəssüf ki, qısa müddət üçün verilmiş bu emosional qərarlar, uzun müddətli perspektivdə dizaynerin ciddi karyera inkişafının qarşısına sədd çəkmiş olur. 

Art direktor olmağın yorucu tərəfi nələrdir?

Yorucu tərəfinin olmaması )

Bu sahədə çalışmaq istəyənlərə nədən başlamağı tövsiyyə edərdiniz?

Məqaləni bura qədər səbr və diqqətlə oxuyan dizaynerlərimiz məncə artıq özlərinə faydalı qeydlər götürüblər. Toxunmadığım bir məsələni də əlavə etməklə müzakirəmizi yekunlaşdıra bilərik. Art direktor fərqli dillərdə danışan (yazan) müştəri və ya personalla ünsiyyətdə olur. Buna görə də sadəcə ana dilini bilən dizaynerin karyera perspektivi çox da ümidverici deyil. Yerləşdiyimiz iqtisadi-coğrafi mövqe və müasir bazarın şərtləri ingilis və rus dillərini bilməyi şərtləndirir. Dil baryeri olan dizayner həmkarlarıma ilk fürsətdə bu problemi aradan qaldırmağı şiddətlə tövsiyə edirəm. Art direktorluq niyyətiniz olmasa da, dizaynı araşdırmada və yeni texniki biliklər əldə etməkdə sizə çox kömək edəcək.

Oxşar yazılar