Bir Kopirayterin iş hekayəsi
Sizi tanıyaq.
- Mən Əfsanə Babayeva. Sosial şəbəkələrdə daha çox Əfsanə Şükür olaraq tanınıram. 25 yaşım var. İxtisasım filoloqdur. Artıq 3 ilə yaxındır ki, reklam mətn yazarı olaraq çalışıram.
Kopirayter kimdir və hansı öhdəlikləri var?
- Kopirayter media planından tutmuş, marka tanıtımına, adlandırılmasına, məhsul sloqanına qədər hər bir ideyanı düşünən və yaradıcı şəkildə yazıya tökə bilən şəxsdir.
Sizi bu sahədə çalışmağa motivasiya edən əsas şey nədir?
- Rəngarəng reklam dünyasının bir parçası olmaq, hər araşdırma edəndə yeni şeylər kəşf etmək və bunun məni inkişafa aparması xoşbəxt hiss etdirir və motivasiya edir.
Bəs sizi bu sahədə çalışmağa demotivasiya edən şey var?
- Təəssüf ki, bizim ölkədə bu sənətə dırnaqarası baxılır. Bu işin sadəcə yazmaqdan ibarət olduğunu düşünürlər. Yazmaq bu işin, bəlkə də, 10 faizini təşkil edir. İlk iş düşünmək və araşdırmaqdan keçir və bunu dərk etməyən hər kəs əlinə qələm almağa başladı, hər kəs yazar, amma hərkəs oxuyarmı? Təşviqedici olarmı? O var, yəni yoğrulmadan bişmərsən. Ona görə də, bizim səssalıcı reklamlarımız barmaqla sayılacaq qədərdir. Bu işə və iş görənə az dəyər verilməsi bəzən insanı demotivasiya edir.
Karyeranızın əvvəlində hansı bacarıqları inkişaf etdirdiniz?
- Daha yaddaqalan, maraqlı reklamların kökündə yumor, səmimilik durur. Sözün başına 'oyun gətirmək', fərqli aspektdən baxmaq lazımdır. Yumor bacarığımı inkişaf etdirməyin vacibliyini anlayanda əlaqəli və əlaqəsiz hər şey oxumağa, izləməyə başladım. Bir gün özümü Cem Yılmazın videosunun altında yazılan rəyləri oxuyarkən gördüm. Bu belə mənə nələr qazandırdı, nələr ;)
Karyeranızda hansı daha dəyərli oldu: təhsiliniz və ya təcrübəniz?
- Filologiya ixtisasını bitirməklə sanki 1 daşla 2 quş vurdum. Həm orfoqrafiya qaydalarını artıq mənimsəmiş oldum - (işə götürənlərin dərdli yeri) , həm də ədəbi əsərlər oxumuş olmağın avantajını yaşadım. Amma təcrübə dəyərli oldu, əlbəttə. Atalar yaxşı deyib - On dəfə oxumaqdansa, bir dəfə görmək məsləhətdir, ya da etmək. Artıq hansını uyğun görürsünüzsə :)
Kopirayter digər hansı sahənin şəxsləri ilə müştərək işləməlidir?
- Rəqəmsal marketinqdə kopirayter qrafik dizaynerlə çiyin-çiyinə 'vuruşur'. Bir ideyanın işıq üzü görməsi üçün hər ikisinə ehtiyac var.
Peşəkar kopirayter olmaq üçün nələrə diqqət edilməlidir?
- Yeni fikirlərə açıq olmalı və həmişə fərqli, yaradıcı fikirlər ortaya çıxarmalıdır, doğru araşdırma strategiyası qura bilməlidir, analitik düşüncəyə sahib olmalıdır, yazı qaydalarını bəsit sanmamalıdır, məhsulu yaxşı tanıyıb tanıtmalıdır və bu zaman səbirli olmalı, gülməyi də yaddan çıxarmamalıdır.
Kreativ məzmun yazarkən diqqət edilməli olan məqamlar hansılardır?
- Öncə yazdığın məzmunun içinə girməlisən. Hədəf kütlən nədirsə, o olmağa çalış. Satıcısansa, onların işini təsəvvür etməyə çalış, yaşlıları hədəf götürmüsənsə, yaşlı olmağın mənasını dərk et, sonra məzmun yarat, yaradıcılıq üçün komfort zonanı tərk etməlisən.
Uzun və izahlı bir məzmun, yoxsa qısa və vacib başlıqlardan ibarət bir məzmun?
- Vermək istədiyin mesajı qısa və cəlbedici başlıqla etmək böyük məharət tələb edir və uzun yazıları oxumağı sevməyən bir kütlə olaraq vacibi olan da budur. Amma uzun, izahlı məzmun yaratmaq lazımdırsa, məsələn , bloq yazıları. O yazını da sona qədər oxutdurmağı bacarmaq lazımdır.
Kopirayter olmağın ən yorucu tərəfi hansıdır?
- Kopirayterin işi adətən aysberqin görünən tərəfidir. İnsanlar saatlar, günlər, həftələr, aylarla davam edən işdən xəbərsizdirlər. Onlar sadəcə nəticəni görür. Bununla belə, 100 ideyadan 96-nı çöpə atırlar və ya hər şeyin yenidən yazılmasını tələb edirlər, həm də inadkarlıqla. Bu bəzən bizi yorur. Amma nə deyim, 4-nü seçmələri belə qənimətdir :)
Məzmunların daha maraqdoğuran olması üçün istifadə etdiyiniz xüsusi bir texnika varmı?
- Uzun mətnləri sona qədər oxutdurmaq üçün 'hipnoz etmə yazı texnikası'ndan istifadə edirəm. Ümumiyyətlə isə yumorlu, səmimi yazı hər zaman maraq doğurur.
Bu sahədə çalışmaq istəyənlərə əsas tövsiyəniz nə olardı?
- Başlıca olaraq mənfi hadisələrə müsbət yanaşmalarını istərdim. Hər uğursuzluq bir təcrübədir.Oskar Uayld çox yaxşı deyib- 'Haqqında danışılmasından daha pis şey, ümumiyyətlə, haqqında heç kimin danışmamağıdır'. Kimsə gördüyün işə reaksiya verirsə, hətta bu mənfi belə olsa, yaxşıdır. Uğurlu adam olmaq üçün sənə atılan kərpiclərdən güclü təməl yaratmağı bacarmalısan!