CV-ni necə göndərək ki, oxunsun? CV göndərmək qaydası
İş elanlarında işəgötürənlər əlaqə vasitəsi olaraq, əsasən, e-mail istifadə edirlər.
Bu günə qədər neçə belə e-mailə CV atmısınız? 10, yoxsa 50? Bəlkə daha çox? Bəs neçəsinə geri dönüş edilib? “Mənfi də olsa, cavab versəydin barı” dediyiniz də olub?
Düzdü, ölkədə çox az sayda seçilməyən namizədlərə də geri dönüş edən işəgötürən (HR) var. Bəzən CV çox olduğu üçün, bəzən vaxtları olmadığı üçün, bəzən də sadəcə buna ehtiyac duymadıqları üçün seçilməyən namizədlərə seçilməmələri barədə geri dönüş etmirlər. Amma bu gün mövzumuz bu deyil.
Bu gün “CV necə göndərilməlidir?” sualını araşdıracağıq. CV göndərərkən nə edə bilərsiniz ki, diqqət çəksin? CV göndərmək üçün qaydalar varmı?
Doğru mail seçimi edin.
CV-nizi göndərəcəyiniz e-poçt ünvanı kiçik bir detal kimi görünsə də, çox vacibdir. Ad soyad görünməyən qarışıq simvol və rəqəmlərlə yaradılan e-poçtlar müsbət təəssürat oyatmır. Ona görə də, e-poçt ünvanı yaradarkən ad soyadınızın aydın göründüyündən əmin olun. (Məsələn: resul.resulov@......)
Gəlin, bu vəziyyətə insan resursları mütəxəssisinin gözündən baxaq. Kompüterində bir bildiriş alır, poçt qutusuna daxil olur. Qarşılaşdığı səhnə “r20013019@gmail.com”-dən gələn bir məktubdur. Məktubu açır içində bir CV. Yaxşı, bəlkə də, bu CV-yə baxarsınız, amma qarşı tərəfin (HR-ın) ilk təəssüratını təsəvvür edirsiniz? Bir də o CV-nin heç açılmamaq ehtimalı var.
“Mən universiteti uğurla bitirmiş və az-çox təcrübəsi olan bir adamam, niyə sadəcə e-poçt adına görə məni seçməsinlər ki?” desəniz, belə cavab verə bilərik: Şirkət sizi işə götürərkən o vəzifəni sizə əmanət edir, çox şeyə cavabdeh olursunuz. Ancaq siz bu etdiklərinizlə deyirsiniz ki, mən bu işə vaxtımı ayıra bilmərəm. Bəlkə də, çox kiçik detal kimi görünür, amma vacibdir.
Əgər ad soyadınızın aydın göründüyü bir mail hesabınız yoxdursa, bu yazını oxuduqdan sonra açmağınızı tövsiyə edirik.
Mailin mövzu hissəsi boş qalmasın.
Mövzu (subject) hissəsi mailin niyə açılmalı olduğu haqqında mesaj verir. Bir çox hallarda namizədlər sadəcə CV göndərməklə kifayətlənirlər. CV nə üçün atılıb, hansı vakansiya üçün atılıb? Bilinmir. Ola bilər ki, şirkətdə bir neçə vakansiya olsun. Ona görə də ilkin olaraq e-poçt göndərərkən mövzu hissəsi (subject) boş qoyulmamalı, iş elanında qeyd olunan vəzifənin adı yazılmalıdır.
CV adını tənzimləyin
CV-niz sizin “şəxsiyyət vəsiqəniz”dir və sizi təmsil edir. Qarşı tərəfin sizi necə tanıması orada yazılanlardan asılıdır. Yaxşı, bu vəsiqə kimə aiddir? Yaratdığınız fayllar internetdən götürülmüş hazır formalardırsa, yüklənəndə "cv.pdf" , "125455214.pdf", “sample cv”, “cv_example” kimi adlarda olurlar. Hazırladıqdan sonra buna fikir verməsəniz və bu şəkildə saxlasanız, qarşı tərəfə "sample_cv" şəklində bir sənəd göndərəcəksiniz. Bu cür sənəd adları mənfi təəssürat yaradır. Bu səbəbdən öz CV-nizi mütləq "Adınız və Soyadınız-CV" olaraq saxlamalısınız. ( ResulResulov_CV)Hər şeyi etdik. Bəs maildə nə yazaq?
İndi gəldik sonuncu mərhələyə. Bunu da uğurla dəf etsəniz, müsahibəyə çağırılma şansınız yüksək olacaq. Peşəkar görünüşlü bir mail adresi, mövzusu, məzmunu aydın və kimə məxsus olduğu bilinən bir CV göndərilməyə hazırdır. Ancaq göndərmədən əvvəl maildə bir neçə cümlə və ya müşayiət məktubu yaza bilərsiniz. Amma bunlar saytlarda olan hazır məktub şablonları olmasa, sizin üçün yaxşı olar. Şirkət xüsusiyyətlərindən asılı olmayaraq hər yerə eyni şəkildə göndərilən həmin avtomatik mesajlar, təəssüf ki, çox şablon və sıxıcıdır. Bəziləri çox peşəkar görünsə də, onları birbaşa Ctrl+C etməməyinizi tövsiyə edirik.
Əmin olun ki, sizdən başqa heç kim sizi daha düzgün ifadə edə bilməz. Bu səbəbdən bu işi niyə istədiyinizi bir neçə gözəl cümlə ilə izah etsəniz, bu işi səmimi qəlbdən istədiyiniz başa düşüləcəkdir. Səmimilik deyəndə emojilərlə bəzədilmiş mail də nəzərdə tutulmur. Ciddiliyi qoruyaraq və səmimi fikirlərinizi ifadə etdiyiniz mail çox uyğun olacaqdır. Bütün bu prosesləri nəzərdən keçirdikdən sonra maili rahatlıqla göndərə bilərsiniz.
Bu məqalə ilə "Nə üçün göndərdiyim maillərə cavab verilmir? sualına cavab verməyə çalışdıq. Əlbətdə bütün bunlar sizi birbaşa işlə təmin etmir. Burada CV-nin məzmunu da nəzərə alınmalıdır. Ancaq CV-nizin açılması,oxunması baxımından təqdimat önəmlidir və siz bu təqdimatı maildə edirsiniz. Sırf yuxarıda sadaladığımız səbəblərdən onlarla mail açılmır.
Uğurlar!