CV-nizdə olmaması gərəkən 6 şey

16 İyul 2020 5892

CV-nizdə olmamalı 6 şey

Hədəflədiyiniz işə girə bilmək üçün CV-nizdəki məlumatlar əsas önəm daşıyır. CV-nizdə yer alması mühüm olan məlumatlar kimi, olmaması da vacib olan məlumatlar da var.

CV hazırlamaq karyeranız üçün atacağınız ilk və ən önəmli addımlardan biridir. Düzgün hazırlanmış bir CV sizin üçün bir çox qapıları aça bilər. Ancaq məsuliyyətsiz bir yanaşma, diqqətsizcə edilən xətalar və lazımsız məlumatlar isə iş tapma müddətinizi uzada və istədiyiniz mövqedə yerləşməyinizi əngəlləyə bilər.

Bu yazıda, CV-də əsla olmaması vacib olan şeyləri tərtib etdik:

Yazı səhvləri

Bir CV-də əsla yazı səhvləri yer almamalıdır. Unutmayın ki, CV-ni hazırladıqdan sonra, bunu onlarla müraciətdə istifadə edəcəksiniz. Əgər bir yazı səhviniz varsa, bu onu onlarla işəgötürənin görəcəyi mənasını daşıyır. Yazı səhvləri olan bir CV ilk mərhələdə işə qəbul mütəxəssisləri tərəfindən siyahıdan çıxarılacaq CV-lər arasındadır. Sözlər düzgün yazılmalı, şəkilçilər düzgün istifadə edilməli, cümlələr nizamlı olmalıdır. CV-nizi hazırladıqdan sonra təkrar-təkrar oxumalı və səhvləri aradan qaldırmalısınız. Azərbaycan dili imla qaydalarını yaxşı bilmirsinizsə, etibar etdiyiniz birisindən CV-nizi oxuyub düzəltməsini xahiş edə bilərsiniz.

Uyğun olmayan fotoşəkil

CV-də fotoşəklin istifadəsi də, vacib məsələdir. Xaricdə və xüsusilə ABŞ və digər Qərb ölkələri üçün CV-lərdə fotoşəkil istifadəsi qətiyyən tövsiyə edilmir. Buna görə də xaricdəki vakansiyalara müraciət zamanı fotoşəkildən istifadə etməməyə diqqət yetirməlisiniz. Digər tərəfdən, Azərbaycanda fotoşəkilsiz CV-lər məqbul olmaya bilər. Ancaq bu fotoşəkilin rəsmi görünməsi mütləqdir. Gündəlik həyatdan seçdiyiniz fotolarınızı heç vaxt CV-də istifadə etməməlisiniz.

Qəribə e-poçt ünvanları

Bir çox gənc namizədlərin CV hazırlayarkən etdikləri ən böyük səhvlərdən biri, yeniyetməlik dövründə yaratdıqları e-poçt ünvanlarını CV-ə əlavə etmələridir. Təbii ki, bu e-poçt ünvanları bir az fərqli hətta gülməli görünə bilər. Elektron poçt ünvanınız nə qədər qeyri-peşəkar görünsə sizin haqqınızda da oxşar şeylər düşünüləcəkdir. Bu səbəbdən ad və soyadlardan ibarət e-poçt ünvanları əldə etməlisiniz.

Uyğun olmayan iş təcrübələri

Hər kəs gənc yaşlarında və universitet illərində karyera və ya sektoru ilə uyğun olmayan işlər görmüşdür. Bunlar sizin üçün əla həyat təcrübəsi ola bilər. Ancaq müraciət etdiyiniz elanda mövqe ilə birbaşa əlaqəsi yoxdursa, bunları qeyd etməyinizə ehtiyac yoxdur. Bu cür iş təcrübəsi sizi daha təcrübəli bir kimi göstərməyəcəkdir. Hətta mənfi təsirlərə belə səbəb ola bilər.

Həddindən artıq şəxsi məlumat

Bir çox HR mütəxəssisləri namizədlərin CV-lərinə çox sayda şəxsi məlumat daxil etdiyini söyləyirlər. Əslində, e-poçt ünvanınız və telefon nömrənizi qeyd etmək kifayət olacaqdır. Şəxsiyyət vəsiqənizin nömrəsi, ailə vəziyyəti, qan qrupu və s. kimi fərdi məlumatların, CV-də yer almasının sizə faydadan çox zərərinin olduğunu demək olar. CV-lərinizi bir çox fərqli yerlərə göndərirsiniz, bu cür məlumatları tanımadığınız insanlarla da paylaşmış olursunuz. Bu həm lazımsızdır, həm də şəxsi məlumatların paylaşılması peşəkar görünməyə bilər.

Karyera hədəfi

Keçmişdə CV-lərdə namizədin karyera hədəflərinə yer verməsi çox məşhur idi. Ancaq yeni yanaşmaya görə karyera hədəflərini CV-də bildirməyə ehtiyac yoxdur. Belə olan halda hədəfinizə uyğun olmayan bir iş üçün müraciət etmisinizsə, başdan bu işin sizin üçün uyğun olmadığını deyirsiniz.


Oxşar yazılar