Digital marketinq mütəxəssisi kimdir?
Sizi tanıyaq
Salam! Mən, Rəfi Əsgərli 2019-cu ildə bakalavr pilləsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarından Maliyyə ixtisası üzrə, 2022-ci ildə isə magistratura pilləsi üzrə Macarıstanın “Corvinus University of Budapest” ali təhsil müəssisəsinin Marketinq ixtisasından məzun olmuşam.
Artıq 4 ildir ki, Rəqəmsal marketinq sahəsində fəaliyyət göstərirəm. 2019-cu ilin iyun ayından etibarən isə Azərbaycanın ən böyük banklarından biri olan Kapital Bank-da Rəqəmsal marketinq üzrə ekspert kimi çalışıram. Kapital Bank-da çalışdığım zaman McKinsey Company, BCG, Visa, Mastercard® kimi böyük şirkətlərlə birlikdə bir çox layihələrdə də iştirak etmişəm.
2021-ci ilin oktyabrından etibarən Facebook tərəfindən təsdiqlənmiş aparıcı təlimçi (Facebook Certified Lead Trainer) sayılıram. Eləcə də 2021-ci ilin avqustunda təşkil olunan, Azərbaycan üzrə çox az şəxsin sahibi olduğu və Facebook reklamları üzrə ən yüksək səviyyəli bilikləri əhatə edən imtahandan uğurla keçərək Facebook Certified Media Buying Professional olmuşam. 2020-ci ildən isə Facebook Certified Digital Marketing Associate olmaqla, çox az hallarda olan 3 Facebook sertifikatının sahibiyəm.
Bununla yanaşı, həmçinin müxtəlif zamanlarda Google sertifikatına və bir sıra amerikan, ispan universitetləri tərəfindən təşkil edilmiş müxtəlif təlimlərin sertifikatlarına da sahib olmuşam.
Rəqəmsal marketinq mütəxəssisi kimdir və hansı işləri görür?
Rəqəmsal marketinq mütəxəssisi nəzəri olaraq desək, şirkətlərin rəqəmsal marketinq fəaliyyətlərini həyata keçirmək üçün çalışan əməkdaşlar sayılır. “Bəs rəqəmsal marketinq özü nədir?” sualını cavablasaq, şirkətlərin marketinq fəaliyyətinin rəqəmsal platformalarda tətbiqidir.
Rəqəmsal marketinq son 20 il ərzində yaranmış və dayanmadan inkişaf etmiş bir sahə olaraq tədricən şirkətlərin də marketinq fəaliyyətinin əsasını təşkil etməyə başlayır. Belə ki, indiyədək şirkətlərin kommunikasiya kanallarına baxsaq, daha çox ənənəvi marketinq kanalları ilə, məsələn, TV, radio, çap məhsulları, bilbord və s. ilə müştərilərə çatmağa çalışırdılar. Lakin Rəqəmsal marketinqin təqdim etdiyi imkanlar, üstünlüklər şirkətlərin də marketinq faəliyyətində Rəqəmsal marketinqin rolunu əhəmiyyətli dərəcədə artırdı. Məsələn, şirkətlər artıq daha aşağı büdcə ilə daha düzgün adama öz məhsul və xidmətləri haqda məlumat verə bilirlər. Reklam üçün xərclərin aşağı olması xüsusən də kiçik və orta sahibkarların da fəallığını artırdı, kiçik bizneslərin inkişafına töhfə verdi. Belə ki, ənənəvi marketinq kanallarında reklamlar kifayət qədər bahalı olduğundan və hədəfləmə imkanları çox aşağı olduğundan kiçik və orta sahibkarlar üçün bu əlçatmaz görünürdü. Amma indi rəqəmsal marketinq kanalları ilə bizneslər hətta 1$ ödəməklə reklam edərək yüzlərlə potensial müştərilərinə çata bilərlər. Ənənəvi marketinqdən tək fərq təbii ki, xərclərlə kifayətlənmir. Rəqəmsal marketinqin ənənəvi marketinqdən digər əsas üstünlüklərindən bəzilərinə düzgün hədəfləmə imkanlarının olması, reklamların nəticələrinin dəqiqliklə ölçülə bilən olmasını da misal göstərmək olar.
Karyeranızın əvvəlində hansı bacarıqları inkişaf etdirdiniz?
Mən karyerama 2018-ci ildə Bravo Supermarketdə rəqəmsal marketinq üzrə təcrübəçi kimi başlamışdım. Ona qədər müəyyən nəzəri biliklərim olsa da, bunu praktikada tətbiq etmək mütləq lazım idi. Çünki hər şey, hər zaman nəzəriyyədə olduğu kimi baş vermir. Gözlənilməz hallar ola bilər. Bu hallarda isə qərar vermək bacarığı işləyərək, təcrübə qazanaraq inkişaf edir. Düşünürəm ki, karyeramın əvvəlindəki, yəni 4 il əvvəlki Rəfi ilə bugünkü arasında özümü müqayisə etsəm, heç şübhəsiz ki, texniki biliklərimin kifayət qədər artmasını göstərə bilərəm. Rəqəmsal marketinq üçün lazım olan platformaları praktiki olaraq istifadə etməklə həmin platformalar üzrə texniki biliklərimi inkişaf etdirdim.
Karyeranızda hansı daha dəyərli oldu: təhsiliniz və ya təcrübəniz?
Bir öncəki sualda qeyd etdiyim kimi bakalavr ixtisasım Maliyyə idi. Amma məncə təhsil dedikdə təkcə bakalavr təhsili nəzərə alınmamalıdır. Mən 17 yaşımda qəbul imtahanında yüksək bal yığdığım üçün bu ixtisası seçmişdim. Çünki o zaman seçim etmək, hansı sahənin mənə daha uyğun olduğunu bilmək üçün, məncə, çox tez idi. Amma universitetin ilk illərindən araşdıraraq mənə daha yaxın sahənin rəqəmsal marketinq olduğunu gördüm və bu sahədə vaxt itirmədən özümü inkişaf etdirməyə, onlayn və ya oflayn təlimlərə qoşularaq həm müəyyən nəzəri bilik yığmağa, həm də CV üçün lazım ola biləcək ilkin sertifikatları toplamağa başladım. Ardınca isə Macarıstanda Marketinq üzrə magistratura təhsili aldım və karyeram üçün önəmli ola biləcək beynəlxalq sertifikatları almağa başladım.
Düşünürəm ki, ümumi götürsək, rəqəmsal marketinq mütəxəssisi ancaq nəzəri biliyi olan, praktiki biliyi zəif olan və ya əksinə, ancaq təcrübəsi olub nəzəri biliyi olmayan şəxs olmamalıdır. İdeal rəqəmsal marketinq mütəxəssisi bu iki element arasında balansı qorumalı və ehtiyac yarandıqda nəzəri biliklərini praktikada da tətbiq etməlidir. Çünki rəqəmsal marketinq mütəxəssisinin ümumi marketinq biliyinin olması vacibdir.
Sizi bu sahədə çalışmağa motivasiya edən əsas şey nədir?
Xasiyyət olaraq yeniliklərə açıq biri olduğum üçün, gündəlik eyni işləri görmək mənim üçün çox maraqsız olardı. Ona görə də, özümə sahə seçməyə başlayanda bunu nəzərə almışdım. Çünki rəqəmsal marketinq həm hər dəfə yeniliklərin olduğu, həm analitik biliklərin lazım olduğu bir sahədir. Analitikanın tətbiqi, yeniliklərin çox olması, bu sahədə distant olaraq (“remote”) xarici şirkətlərlə çalışa bilmək imkanının olması məni bu sahədə çalışmağa motivasiya edən əsas şeylərdən yalnız bir neçəsidir. Ümumilikdə işlədiyim sahəni çox sevirəm. İstənilən işdə uğurlu olmaq üçün o işi sevmək ən başlıca lazım olan şeylərdəndir.
Rəqəmsal marketinq mütəxəssisinin günlük işləri nədən ibarətdir və hansı alətlərdən istifadə edir?
Rəqəmsal marketinq geniş sahə olduğundan o özlüyündə də bir neçə qola bölünür. Düzdür, xarici bazarda adətən, hər sahə üzrə həmin sahəni daha yaxşı bilən mütəxəssislər çalıışır. Yəni ümumi rəqəmsal marketinq mütəxəssisi olmaq əvəzinə, kimi “Digital Media Buyer”, kimi SEO mütəxəssisi, kimi Sosial media üzrə mütəxəssis, kimi “Growth hacker”, kimi PPC reklamları üzrə, kimi email marketinq üzrə, kimi isə influenser marketinq üzrə mütəxəssis kimi çalışır. Bunları nəzərə alaraq gündəlik işlər, istifadə olunan alətlər bir-birindən fərqli ola bilir. Ümumilikdə götürsək, lazım olan əsas alətlərdən bəziləri bunlardır: Facebook Ads Manager, Google Ads, Google Analytics, Semrush, Ahrefs, LinkedIn Campaign Manager, Mailchimp (və ya digər alternativ email marketinq alətləri) və s.s
Rəqəmsal marketinq mütəxəssisi digər hansı sahənin şəxsləri ilə müştərək işləməlidir?
Rəqəmsal marketinq mütəxəssisisinizsə, gün ərzində digər fərqli departamentlərdən və funksiyalardan olan şəxslərdən tez-tez işiniz keçə bilər. Ən çox işlədiyiniz şəxslər isə dizaynerlər (və ya agentliklə işləyirsinizsə, “account manager”), developerlər, data analitiklər olacaq. Reklamlarda hansı vizualların getməsini dizaynerlər hazırladıqdan sonra ona uyğun reklamlar qurulur. Vebsaytla bağlı işlərdə developerlərlə sıx işləməlisiniz. Reklamlarda seçilmiş şəxslərə reklam göstərmək (və ya göstərməmək – “exclude”) üçün sizə kommunikasiya üçün data lazım olacaq. Bu halda isə data analitiklərdən “işiniz keçəcək”. Bundan başqa işlədiyiniz şirkətin böyüklüyündən asılı olaraq müəyyən vaxtlarda biznes analitiklərlə, maliyyə əməkdaşları ilə və digər sahələrdən olan şəxslərlə birlikdə işləyə bilərsiniz.
Rəqəmsal marketinq mütəxəssisi olmağın yorucu tərəfi nələrdir?
Bütün işlərdə olduğu kimi rəqəmsal marketinq mütəxəssisi olmağın da yorucu tərəfləri var. Bunlardan ən əsas deyə biləcəyim, hər zaman onlayn olmağın vacib olmasıdır. Həftəsonu, iş saatından sonra belə hər hansısa bir reklamda problem olarsa, anında müdaxilə etmək önəmlidir. Bundan başqa rəqəmsal marketinq mütəxəssisinin etdiyi işlər göz önündə olduğu üçün çox adam buna müdaxilə etmək, rəy bildirməyi xoşlayır. Belə olduqda həmin sahədən olmayan adamlardan müəyyən anlarda düzgün olmayan rəylər ala bilərsiniz. Bu amma sizi motivasiyadan salmamalıdır.
Bu sahədə çalışmaq və peşəkar olmaq istəyənlərə nələri tövsiyyə edərdiniz?
İstənilən sahədə uğurlu olmaq üçün yuxarıda da qeyd etdiyim kimi motivasiya çox önəmlidir. Bu sahəni sevmək lazımdır. Əgər bu sahəni çox sevirsinizsə, o zaman nələrdən başlamaq lazımdır onları qeyd edək. İlk öncə hər şey sizin məqsədinizdən asılıdır. Yəni əgər orta səviyyəli bir mütəxəssis olmaq istəyirsinizsə, baza bilikləri kifayət edir. Amma əgər məqsəd iş axtaran namizəd deyil də, şirkətlərin axtardığı mütəxəssis olmaq, hətta zamanla qlobal bazara da çıxmaqdırsa, bu zaman tələb olunan biliklər daha da artır.
Orta səviyyəli mütəxəssis üçün dil biliyi olaraq orta səviyyədə rus və ya ingilis dili biliyi kifayət edir. Təbii ki, daha yüksək olması sizin üstünlüyünüzdür. Texniki biliklərdən isə, ən azından sosial media marketinq haqda biliklər, reklam platformalarında sadə reklamların qurulma qaydaları, veb-analitika və rəqəmsal marketinqin digər qolları üzrə ümumi biliklər lazımdır. Bu şəxslərə tövsiyə edərdim ki, Azərbaycanda rəqəmsal marketinqin daha çox istifadə olunan qolu olan sosial media marketinq üzrə bilikləri inkişaf etdirsinlər. Hətta yaxşı olar ki, ən azından Facebook Ads Manager platforması ilə ümumi tanışlıq üçün reklam hesabı yaradıb draft olaraq reklamlar qurub reklam platformasının işləmə məntiqini başa düşsünlər.
Əgər hədəflər yüksəkdirsə, ən azından bir dili danışıq səviyyədə bilmək mütləqdir. Çünki qlobala çıxmaq üçün həmin dildə danışmaq lazım olacaq. Həmçinin, xarici dili bilmək daha çox araşdırma imkanı, daha çox ədəbiyyat olması deməkdir. Beynəlxalq kurslara, təlimlərə qatılıb beynəlxalq sertifikatlar əldə edərək “background”unuzu gücləndirə bilərsiniz. Başlanğıc üçün isə yuxarıda qeyd etdiklərimlə yanaşı yaxşı olar ki, yerli və ya xarici saytlarda Rəqəmsal marketinq mütəxəssisi vakansiyaları tapıb onların iş öhdəliklərinə, tələblərinə baxıb özünüzdə çatışmayan cəhətləri müəyyən edib həmin tələblərə özünüzü uyğunlaşdırasınız. Bu həqiqətən də çox önəmlidir.
Bir də əlavə olaraq yeni başlayan olduğunuz üçün təcrübəniz çox olmasa belə, ən azından bu sahəyə aid lazımlı sertifikatlarınızı artıraraq CV-nizi zənginləşdirməyə çalışın. Çünki yaxşı CV olması sizin müsahibəyə çağırılma ehtimalınızı artıracaq. Burada isə artıq öyrəndiklərinizi nümayiş etdirməli və özünüzü yaxşı mənada şirkətə “satmağınız” lazım olacaq.