Hobbini pula çevir

10 Sentyabr 2020 5513

Ətrafımdakı insanlara fikir, ideya, motivasiya verməyi sevən biri olaraq bu dəfə də düşündüm ki, tanımadığım insanlara hobbini pula çevirmək yolunda (bunu edən biri olaraq) az da olsa işıq tutum və bu yazımda işin biznes tərəfindən deyil də daha çox psixoloji tərəfindən danışım.

Hobbini pula çevirmək deyəndə nə nəzərdə tuturam? Düşünürəm ki insan həyatını elə qurmalıdır ki, səhər işə axşam isə evə həvəslə getsin. (belə bir məsəl var, bilirəm. ;))

1. İlk olaraq müəyyən qədər pul qazanmağı özünüzə hədəf halına gətirmisinizsə bu yolda hansı işdən başlayacağınızı seçməniz lazımdır.

Bu proses ərzində bəzi səhv və düz qərarlar verə bilərsiniz. Özümdən misal gətirəcək olsam:

  • İlk ixtisasım: Tarix və coğrafiya müəllimi
  • İkinci ixtisasım: Maliyyəçi
  • Üçüncü ixtisasım: Rəqəmsal Marketing Mütəxəssisi
  • Hazırki, yəni 4-cü ixtisasım və öz qurduğum iş isə: Üz yogası müəllimidir.

Təhsilimin və işlərimin bir-birindən necə kəskin fərqləndiyini hiss etdiniz yəqin ki. Bunu düz və ya səhv sayanlar ola bilər. Amma mənim fikrimcə, öz olmalı olduğum yeri tapana qədər ən azından bütün maraqlarımın üzərinə gedib daha sonra onlara aid olmadığımı hiss etdiyim üçün sonuncu versiyada qərar tapdım.

2. Fikirlərinizi hamıya deməyin.

İlk ağlınıza gələn “birdən göz dəyər” və “əvvəldən demək mənə düşmür” variantları olacaq bilirəm. Amma məsələ bu deyil. İdeyalarınızı tam olaraq həyata keçirdiyiniz və ilk müştərinizi qazandığınız (bu artıq sizin üçün təsdiqləyəcək ki, doğru yoldasınız) günə qədər qurduğunuz işlə bağlı heç kimə danışmayın. Yenə öz situasiyamdan deyim ki, öz anam belə mənə “burda kimdir üz yogasına yazılmaq istəyən?!” “Boş yerə özünü yorursan, xərc çəkirsən” deyirdi. Yəni insanlar ilk zamanlarda sizi düşünərək və ya düşünməyərək motivasiyanızı aşağı çəkmək üçün əlindən gələni edəcək. Əgər getdiyiniz yoldan əminsinizsə qoy bir müddət bu sizə özəl qalsın. Daha sonra isə artıq uğurlu olan biznesinizi başınız dik şəkildə hərkəsə təqdim edə bilərsiniz.

3. İşinizə investisiya yatırın.

Deyəcəksiniz “onsuz da investisiyasız iş olur ki?”. Bəli olur. Məsələn hansısa xidməti satmaq üçün açdığınız instagram səhifəsi ola bilər və siz bir müddət sonra satışın həyata keçmədiyini görüb həvəsdən düşə bilərsiniz. İşinizə yatırdığınız (instagram reklamı, influencer reklamı, giveaway ödənişi və s.) məbləğ sayəsində siz həvəsdən düşməyəcək əksinə “bu pulu çıxarmaq” üçün əlinizdən gələni edəcəksiniz. :

4. Beyninizə qulaq asmayın.

Bu başlığın sizə necə qəribə gəldiyini bilirəm. Amma gəlin sizə məsələnin bilmədiyiniz tərəflərindən danışım. Beynimizin bizim həyat standartlarımıza əsasən özünə yaratdığı bir rutini var (yuxudan dur, aylıq stabil maaşlı işinə get, evə yorğun gəl və yat). Siz onun rutinini pozub özünüzə bir iş qurmağa çalışdıqda o sizi ilk vaxtlar yolunuzdan qaytarmaq üçün əlindən gələni edəcək. Məsələn, beyninizin sizə deyəcəyi bəzi cümlələri aşağı yazıram:

  • Kimdi axı sənin bu məhsulunu alan?
  • Gül kimi aylıq stabil gəlirin var, otur oturduğun yerdə.
  • Sənə problem lazımdır? Birdən 2 ay sonra batsan necə olacaq?
  • Durma səhər tezdən, gör hava necə sərindi, at başını yat.

Deyirsiniz ha həvəslə işə başladım, sonra həvəsim öldü davam edə bilmədim. Beyninizin işləmə mexanizmini bilsəniz bunu sadəcə öz rutinlərindən çıxmamaq üçün etdiyi mübarizə olduğunu bilərsiniz və ona şüurlu şəkildə əks gedib öz bildiyinizi edə bilərsiniz. :

5. Neqativ düşüncələrdən uzaq durun.

Şablon səslənir elə deyil? Əslində məsələnin ən önəmli hissələrindən biri nəyə inandığınızdır. “Məndə bəxt yoxdur”, “Onsuz da heç bir işim alınmayıb”, “Mən hara, iş qurmaq hara” kimi fikiləri ağlınızdan uzaqlaşdırmadığınız halda elə dediyiniz kimi alınacaq, bəxtiniz gətirməyəcək, işiniz alınmayacaq və s.

Kainata göndərilən enerjiyə nə dərəcədə inandığınızı bilmirəm amma hələ ta qədimdən ata babalarımız boş yerə deməyiblər ki, “yaxşı düşün, yaxşı olsun”.

Özünüzə inamı formalaşdırıb, hər şeyin yaxşı olduğuna və olacağına inanıb, başınızda qara buludlar olmadığını və başqaları edibsə sizin də çox yaxşı şəkildə edə biləcəyinizi anlayıb yola başladığınız halda hər şey əla olacaq.

İnanın mənə ölkəmizdə üz yogasının nə olduğunu bilməyən o qədər insan var ki, heç tanınmayan və indiyə qədər olubsa da çox bilinməyən bir xidməti ortaya çıxarıb burdan pul qazanmaq məndən başqa heçkimə inandırıcı gəlmirdi. Hansı ki, indi onların arasından da dərslərə yazılmaq istəyənlər var. ;)

6. Hərəkətə keçin.

Öz sevdiyiniz işi və necə başlayacağınızı müəyyən edin, ətrafınızdakılara və beyninizə qulaq asmayın. İlk müştərinizi əldə etmək üçün investisiya yatırın və əlinizdən gələni edin, bundan sonrası öz axarı ilə gedəcək.

Necə deyərlər, uğurlu olsa hobbinizdən pul, uğursuz olsa biznesinizdən təcrübə qazanacaqsınız. :)

Qərənfil Qəhrəmanlı

Yogabelle.az təsisçisi

Oxşar yazılar