HR mütəxəssisləri CV-də nəyə diqqət yetirirlər?
“HR mütəxəssisləri cavablandırır” rubrikamızın bu yazısında PashaPay şirkətinin İnsan resursları mütəxəssisi Elnarə Mustafayeva CV-lər və onların önəmi barədə yazıb.
Mən – Elnarə Mustafayeva, hal-hazırda “PashaPay” MMC-də İşə qəbul üzrə Mütəxəssis kimi fəaliyyət göstərirəm. Artıq üç ilə yaxındır ki, bank və “fintech” sahələrində çalışıram. İtaliyada magistr pilləsini başa vurduğdan sonra, Vətənə qayıdıb İnsan Resursları sahəsində davam edəcəyimi qərar vermişdim. O zamanlar, bu sahə haqqında çox az biliyim var idi və HR-ın necə çoxşahəli bir peşə olduğunu bilmirdim. Fərqli təcrübə proqramlarına və kurslara qatıldıqdan sonra, İnsan Resurslarının – İşə qəbul üzrə qoluna yönəlmək istədiyimi anladım. İşimi çox sevirəm və hal-hazırda işlədiyim peşakar komandadan öyrənəcəyim çox şey olduğunu anlayıram. Buna görə də, bütün şansları dəyərləndirib, maksimum biliklər əldə etmək üçün çalışıram.
“HR mütəxəssisləri CV-də nəyə diqqət yetirirlər?”
İş axtarışı zamanı bütün namizədlərin diqqət yetirməli olduğu ilk mərhələ - düzgün CV tərtibidir. Curriculum Vitae və ya CV sizin bir növ vizit kartınızdır və sizin üçün bir çox yeni imkanlar yarada bilər. İşəgötürən tərəfindən “CV screening” zamanı bir çox məqamlara diqqət yetirilir. Onlardan biri sizin CV-də qeyd etdiyiniz özünüz haqqda qısa məlumatdır (“Summary”). İdealda bu hissə 3-5 cümlədən ibarət olmalıdır və peşəkar fəaliyyətinizin bütün zəruri aspektlərinə toxunmalıdır. Daha sonra HR, müraciət etdiyiniz vəzifədən asılı olaraq, sizin təhsilinizə və son iş yerinizə nəzər yetirir. Belə ki, CV-nizdə bütün fəaliyyətlərinizi konkret rəqəmlər və faktlarla əks etdirmək çox vacibdir. Karyeranız haqqda məlumat aldıqdan sonra işəgötürən dil bilikləriniz, hobbiləriniz, layihələriniz və digər məlumatlarınızla tanış olur.
CV niyə əhəmiyyətlidir və iş axtarışının niyə əsas hissəsidir?
Namizəd haqqında ilk və yeganə məlumat mənbəyi CV-dir. CV-ni əhəmiyyətli edən aşağıdaki faktorlardır:
- İlk təəssürat: CV-niz işəgötürənlərin sizin haqqda yaranan ilkin təəssüratı formalaşdırır. Will Rogersin də dediyi kimi: “İlk təəssüratı yaratmağa ikinci şansınız olmayacaq.”
- Təfərrüatlar: CV-niz təhsiliniz, bacarıqlarınız, iş təcrübəniz və karyeranızın digər mühüm aspektləri haqqında ətraflı məlumat verir. Bu, işəgötürənlərə sizin mövcud vakansiyaya uyğun olub olmadığınız haqqda qərar verməyə kömək edir.
- Təqdimat: Yaxşı tərtib olunmuş CV, sizin məlumatları düzgün strukturlaşdırmaq, dil biliklərinizdən istifadə etmək və bacarıqlarınızı professional şəkildə nümayış edə bildiyinizi göstərir.
- Peşəkar inkişaf: CV karyera yüksəlişinizi, əvvəlki işlərdə əldə etdiyiniz nailiyyətləri və vəzifə öhdəliklərini özündə cəmləşdirir, bu da işəgötürənlərə sizin potensialınızı anlamağa kömək edir.
Əsas CV bölmələri/başlıqları hansılardır və hər biri üçün nələr daxil etmək vacibdir? CV strukturu necə olmalıdır?
CV adətən bir neçə əsas bölmədən ibarət olur, onların hər biri sizin peşəkar təcrübənizin, təhsilinizin və bacarıqlarınızın müxtəlif aspektləri haqqında məlumat verir. Budur CV-nin əsas bölmələri və hər birinə daxil edilməli olan məlumatlar:
- Əlaqə məlumatları – Ad və Soyad, yaşayış ünvanı (istəyə görə), əlaqə nömrəsi və e-poçt;
- Xülasə - Namizədi təsvir edəcək qısa məlumat;
- Bacarıqlar – Sahə ilə bağlı “hard” (texniki) və “soft” (yumuşaq) bacarıqlar;
- İş təcrübəsi – Şirkət adı, tutulan vəzifə, iş dövrü, vəzifə öhdəlikləri. Son iş yerindən başlayaraq ən birinciyə doğru gedən ardıcılıqda olması arzuolunandır;
- Təhsil - Qurumun adı,ixtisas və dərəcə, başlama və bitmə illəri;
- Əlavə bölmələr (sertifikatlar, hobbi və maraqlar, layihələr və s.).
CV-də yaş, ünvan və şəkil yerləşdirilməsi vacibdir?
Bu məlumatlar mütləq daxil edilən məlumatlar sırasında deyil. Bu namizədin şəxsi istəyindən və müraciət edilən vakansiyadan asılı olaraq dəyişir.
Əgər iş axtaranın təcrübəsi yetəri qədər deyilsə, CV tərtib edərkən nəyə diqqət etməlidir?
Əgər təcrübəniz azdırsa və ya hər hansı bir iş təcrübəniz ümumiyyətlə yoxdursa, CV tərtibi zamanı çətinlik çəkə bilərsiz, lakin əsas olaraq şəxsi keyfiyyətlərinizə, bacarıqlarınıza və potensialınıza diqqət yetirmək vacibdir. İş təcrübəsi olmasa belə, CV-də inkişaf və öyrənmək istəyinizi göstərməlisiz.
CV-də referansların yerləşdirilməsi vacibdirmi?
CV-yə referansların daxil edilməsi mütləq deyil və bir çox müraciət edənlər bunu etməməyə qərar verirlər. CV-yə referensların əlavə edilməsinin bir çox üstünlükləri var, məsəslən:
- Referanslar sizin peşəkar keyfiyyətlərinizə və komandada işləmək bacarığınıza əlavə sübut kimi xidmət edə bilər.
- Əvvəlki işəgötürənlərdən və ya həmkarlarınızdan referans almaq potensial işəgötürəndə sizə qarşı etimad hissi yarada bilər.
CV göndərəndə diqqət edilməsi lazım olan məqamlar hansılardır. Hansi ümumi səhvlərdən qaçınmaq olar?
CV göndərən zaman çox vaxt edilən səhvlərdən biri mövzu hissəsinə müraciət edilən vakansiyanın adını yazmamaq olur. Bələ ki, CV mövzusuz olan diqər CV-lər arasında qalır və HR tərəfindən baxılmır. Əlavə olaraq CV göndərən zaman, CV-nin uzərinə ad və soyadınızı qeyd etmək və düzgün formatda göndərmək arzuolunandır.
"İnsan resursları (HR) Mütəxəssisləri cavablandırır" rubrikamızın məqsədi, əmək ekosistemində daha peşəkar şəxslərin formalaşmasına töhfə vermək, işaxtaranların suallarına peşəkar rəyləri almaq, beləliklə prosesin hər iki tərəf üçün faydalılığını artımaqdır.
Əgər siz də HR mütəxəssisi olaraq yazınızın yayımlanmasını istəyirsinizsə elan@hellojob.az e-poçtuna yaza bilərsiniz.