İş axtararkən motivasiyamızı necə yüksək tutaq

26 Oktyabr 2020 3546

Yəqin ki, iş axtarışına başlayan hər bir şəxs “vakansiyaya marağınız üçün təşəkkürlər, təəssüf ki başqa namizədlə davam etməyə qərar verdik” kimi cavablar alır və yaxud ümumiyyətlə geri dönüşlər almadığı hallarla üzləşir. Bundan əlavə tez-tez CV yeniləmək, istək məktubları yazmaq prosesləri bizi uzun müddətli dövrdə yora və ruhdan düşməyimizə səbəb ola bilər.

İş axtarmaq prosesi kifayət qədər enerji aparan və ümidsizliyə gətirib çıxaran prosesə çevrilə bilər. Onlarla və yüzlərlə iş elanlarına onlayn müraciətlər etmək, sənədlərin düzgünlüyünü yoxlamaq, şirkətlərdən cavab gözləmək, heç bir nəticə əldə etmədən müsahibələr və testlərdə iştirak etmək bizi hər şeydən əl çəkməyə vadar edə bilər.

Amma yaxşı xəbərimiz də var! Siz bu çətinliklərdə yalnız deyilsiniz. Qarşılaşdığınız istənilən maneələrə və problemlərə baxmayaraq özünüzü motivasiya etməyin və yüksək ruhda qalmağın yolları var:

  1. Özünüzə vaxt ayırın

Saatlarla kompüterə və mobil telefonunuza baxmaq sizi fiziki və əqli olaraq qeyri sağlam hala gətirə bilər. Bu səbəbdən dayanmadan elanlar yoxlamaq və sənədlərinizi yeniləmək sizi bəzən məqsədlərinizdən geri çəkə bilər. Özünüzə elektron cihazlardan və iş barədə düşünməkdən uzaqlaşdıracaq bir mühit və zaman tanıyın. Fiziki çalışmalar, rəsm çəkmək, musiqi dinləmək, meditasiya etmək və sairə kimi məşğuliyyətlər sizin dincəlməyinizə və yüksək ruhda davam etməyinizə yardımçı olar.

  1. Rejiminizi yoxlayın

İş axtarmaq prosesini necə edirsiniz? Günün hansı saatlarını bu prosesə sərf edirsiniz? İlk olaraq CV-ni yeniləyirsiniz yoxsa istək məktubu yazırsınız? Hansı portalları üstün tutursunuz?

Bütün bu sualları özünüzə verin və rejiminizdə edə biləcəyiniz dəyişiklikləri və sizə faydalı ola biləcək alternativləri düşünün. Əgər iş üçün axtarış edirsinizsə bunu günün fərqli saatlarına keçirərək yoxlaya bilərsiniz. Öz rejiminizi və cədvəlinizi yenidən tərtib etməkdə faydalar ola bilər.

  1. İş axtarmağın başqa variantlarını yoxlayın

Ola bilsin ki, iş axtarmaq dedikdə ağlınızdan dayanmadan elanlara müraciət etmək və sonra e-poçtunuzu dayanmadan yoxlamaq keçir. Halbuki bu belə deyil, axtarışınızı daha da xüsusiləşdirə bilərsiniz. Məsələn, bəzi seçdiyiniz şirkətlərə və onların elan etdiyi vakansiyalara yönələ bilərsiniz və oranın işçiləri ilə əlaqələr yaradıb şəxsən müraciətlər edə bilərsiniz. Sosial media platformalarında, xüsusilə Linkedin-də iş axtarmağınız barədə elanlar yerləşdirə bilər və oradan nəticələr gözləyə bilərsiniz və yaxud müxtəlif karyera günləri tədbirlərinə qoşula bilərsiniz. Unutmayın ki, şanslarınızı hər bir vasitə ilə yoxlamaq sizin əlinizdədir.

  1. Öz çətinliklərinizi bölüşün

Özünüzlə eyni vəziyyətdə və yaxud sizə anlayış göstərə biləcək bir insanla ünsiyyətdə olun və öz problemlərinizi bölüşün. Həm bir birinizə məsləhətlər vermiş olarsınız, həm də dəstək hiss edərsiniz.

Həmçinin digər insanlardan tənqid və məsləhətləri də nəzərə alın. Professional bir şəxsin iş axtarmanın istənilən prosesi barədə tənqidlərinə və məsləhətlərinə açıq olmaq lazımdır. Kənar göz səhvlərimizi görməkdə bizə kifayət qədər faydalı ola bilər. Onlayn icmada da öz vəziyyətinizi bölüşməyi nəzərə alın. Oradakı insanlar sizə bəzi faydalı məsləhətlər və çıxış yolları təklif edə bilər.

  1. Özünüzü tərifləyin

Əlbəttə ki, söhbət lovğalanmaqdan və özünü hər kəsdən ağıllı hesab etməkdən getmir. Şirkətlərdən imtinalar almaq öz bilik və bacarıqlarınızla bağlı sizdə şübhə yarada bilər. Öz güvəninizi itirməmək üçün bir dəftər götürüb oraya öz bilik və bacarıqlarınız, uğurlarınız və insanların sizdə sevdiyi xüsusiyyətləriniz ilə bağlı yazı yaza və yaxud siyahı tərtib edə bilərsiniz. Bu sizə özünüzün dəyərini anlamaqda və daha inamla irəliləməyinizdə əla vasitə ola bilər.

  1. Kiçik qələbələrinizə belə sevinin

Müsahibəyə çağırıldınız , amma yenə də işi qazanmadınız? Məyus olmayın, çünki ən azından ilkin mərhələlərdən uğurla keçmisiniz. Demək ki, ən azından CV-iniz digər namizədlərdən seçilib və uğurlu olub. Unutmayın ki, ən başlıcası hər mərhələdən öyrəndiyiniz təcrübələr və özünüzü inkişaf etdirməyinizdir.

  1. Sahənizdəki insanların uğurlarından dərs çıxarın

Hər bir sahədə uğurlu şəxslərin çətinlikləri olur. Bu insanlardan nümunə götürmək sizi motivasiya edə bilər. Nə olur olsun, siz çətinlik çəkən yeganə insan deyilsiniz.

Hər şeyin düzgün vaxtına inanmaq, öz düşüncələrinizi aydın tutmaq və pozitivlərə yönəlməklə gec-tez sizə uyğun təklifi alacaqsızınız. Unutmayın ki, sahənizdəki trendləri izləməli və öz bilik və bacarıqlarınızı da inkişaf etdirməlisiniz. Bu səbəbdən səbrinizə, əzminizə və pozitv düşüncələrinizə tutunun və davam edin.

Oxşar yazılar