Karyera inkişafı üçün hədəf təyin etmənin vacibiyi. SMART hədəflər.

07 Mart 2021 8494

“Sən saydığını say, gör bir fələk nə sayır”

Uzun və ya qısa-müddətli hədəflər, planlamalar sizə mənasız gəlir? Yuxarıdakı atalar sözündə deyildiyi kimi, biz hədəflər təyin etsək də, həyatın nə gətirəcəyini bilmirik. Məsələn, karantindən əvvəl qısa və uzun müddətli hədəflər müəyyən edən şirkətlər, fərdlər istiqamətlərini dəyişməli və yeni hədəflər təyin etməli oldular.

Hədəflərə həmişə çatmaya bilərik, amma çata bilmədiyimiz hədəflər sayəsində belə, bir şey əldə edirik. Məsələn, TƏCRÜBƏ.

Belə bir söz də var:

“Hədəfi olmayan gəmiyə heç bir külək yardım etməz”

Hədəflər təyin etmədən yaşam çox xaotik olmazmı?

İş axtarmaq, iş tapmaq, işinizdə uğur qazanmaq... Bütün bunların ilk addımı karyeranız üçün  düzgün hədəflərlə təyin etməkdən keçir.

Hədəflərin müəyyənləşdirilməsi karyera planlaşdırma prosesinin əhəmiyyətli bir hissəsidir.

Karyera planınızda həm uzun, həm də qısamüddətli hədəfləri olmalıdır. Hər birinə çatmaq üçün atacağınız addımları və sizə mane ola biləcək maneələri aşmağın yollarını da təyin etmək vacibdir.

Bəzən, üç aydan az bir müddətdə qısa müddətli bir hədəflərinzə çata bilərsiniz və uzunmüddətli bir hədəfin tamamlanması beş ildən çox ola bilər. Hər bir uzunmüddətli hədəfə çatmaq üçün əvvəlcə həm qısamüddətli hədəflər təyin edilməlidir.  

Hədəflərinizin həyata keçirilməsini təmin etmək üçün beş əsas elementi nəzərdən keçirməlisiniz. Bu beş elementin nəzərə alınaraq təyin edildiyi hədəflər “SMART hədəf” adlanır. SMART ingiliscə specific (dəqiq), measurable (ölçülə bilən), achievable (əldə oluna bilən), relevant (uyğun), time-bound (vaxt çətçivəsində) sözlərinin baş həriflərindən yaranan ifadədir. Bu o deməkdir ki, hədəflər spesifik, ölçülə bilən, sizə uyğun, müəyyən vaxt çərçivəsində həyata keçirilə bilən və əldə edə biləcəyiniz real hədəflər olmalıdır.

Keçmişdə həddindən artıq qeyri-müəyyən olduğu üçün hədəflərinizə çatmamış ola bilərsiniz. Zəif planlanmış bir hədəfə doğru getmək əlçatmaz görünə bilər. SMART hədəflərinin yaradılması bu problemləri həll etməyə kömək edə bilər. İstər şəxsi, istərsə də peşə hədəfləri təyin etməyinizdən asılı olmayaraq, SMART hədəf üsulunu istifadə edərək uğur qazanmaq üçün güclü bir zəmin yarada bilərsiniz.

Şəxsi həyata dair hədəflər

Şəxsi həyatınız üçün hədəflər qoymaq şəxsi nailiyyətlər əldə etməyinizə kömək edəcəkdir. Hobbi, sağlamlıq və ya təhsil kimi mövzularda həyatınızda bir neçə sahəni inkişaf etdirmək üçün şəxsi hədəflər təyin edə bilərsiniz. Şəxsi hədəflər qoymaq, karyeranızda da uğur qazanmağınıza da kömək edə bilər.

Hobbilərinizi, təcrübə və ya inkişaf etdirmək istədiyiniz bacarıqları artırmaq iş həyatınıza da təsir edə bilər. Müraciət etdiyiniz işlərlə əlaqəli olduqda, bunlar CV-inizə əlavə edə biləcəyiniz bacarıqlara çevrilə bilər.  

Bir neçə şəxsi həyat hədəfi nümunəsi:

  • Hər hansı musiqi alətində bilikərə yiyələnmək və ya idman oynamaq kimi hobbilərinizi inkişaf etdirmək

  • Diksiya və ya natiqlik kimi bacarıqların artırılması

  • Müəyyən bir mövzu və ya təhsil sahəsi haqqında məlumatlarınızı artırmaq

  • Əlaqələrin qurulmasına və ya yaxşılaşdırılmasına diqqət etmək

Karyera inkişafı üçün hədəflər

Peşəkar hədəflər müəyyənləşdirmək həm müəyyən tapşırıqları, ya da layihələri başa çatdırmaqda, həm də karyera hədəflərinizə çatmaqda kömək edə bilər.

Bir neçə peşəkar hədəf nümunəsi:

  • Müəyyən bir vəzifəyə yüksəlmək

  • Böyük bir layihə tamamlamaq

  • Texniki bacarıqların artırılması

  • Karyera dəyişikliyi

SMART hədəfi necə təyin edə bilərsiniz?

Spesifik

Hər şeydən əvvəl hədəfin xüsusiyyətləri mümkün qədər aydın şəkildə müəyyənləşdirməlisiniz. Məqsəd konkret olmalıdır, müəyyənləşdirilməmiş detallar olmamalıdır. Bunun üçün özünüzə aşağıdakı suallları verə bilərsiniz.

  • Nə etmək istəyirəm?

  • Bu nə üçün vacibdir?

  • Hansı mənbələr və ya məhdudiyyətlər var?

 

Smart hədəflər

Ölçülə bilən

İrəliləmənizi izləmək və motivasiyadan düşməmək üçün ölçülə bilən hədəflərə sahib olmağınız vacibdir. Bu əməyinizi qiymətləndirməyə, diqqətinizi cəmləşdirməyə kömək edir. Ölçülə bilən hədəf təyin edərkən aşağıdakı sualları  verə bilərsiniz.

  • Hədəfinizə çatdığınızı hansı dəlillər sübut edəcəkdir?

  • Uğurlu olduğunuzu necə biləcəksiniz?

  • Nə qədər vaxta bu hədəfə çata biləcəksiz?

  • Başqa hansı rəqəmləri daxil edə bilərsiniz?

Bu rəqəmləri təyin edərkən realistik olun. Məsələn, ingilis dili öyrənəcəksinizsə, hal-hazırki  səviyyənizi müəyyən edin. Başlanğıc səviyyədə olub “3 aya ingilis dilini öyrənəcəm” deməyiniz real deyil.

Əldə oluna bilən

Hədəfiniz həm də real və əldə edilə bilən olmalıdır. Bu o demək deyil ki, sizi çətinə salmayacaq hədəflər müəyyən etməlisiniz.

Əldə edilə bilən bir hədəf qarşınıza qoyduğunuzda, daha əvvəl nəzərdən qaçırılan imkanları və ya onu sizə yaxınlaşdıran mənbələri müəyyənləşdirə bilərsiniz. Əldə edilə bilən hədəf təyin edərkən aşağıdakı sualları cavablandıra bilərsiniz:

  • Bu hədəfə necə nail ola bilərəm?

  • Bu hədəfə çatmaq üçün əlinizdə nə var?

  • Hədəf maliyyə amilləri kimi digər məhdudiyyətlərə əsaslanaraq nə qədər realdır?

Uyğun

Hədəf sizin üçün uyğun deyilsə, motivasiyanız azalacaq və hədəfə çatmaq çox çətin olacaq. Özünüzə aşağıdakı suallları verməklə hədəfinizin sizə uyğun olub olmadığını müəyyən edə bilərsiniz.

  • Buna ehtiyac varmı?

  • Niyə indi bu hədəfi seçirəm?

  • Bu hədəfə çatsam həyatımda nə dəyişikliklər olacaq?

  • Mövcud vəziyyətə bu hədəf uyğundurmu?

Müəyyən vaxt daxilində

Hədəfə çatmaq üçün son tarixi müəyyən etməlisiniz. Belə oluqda “Sabah edərəm”, “Hələ çox vaxt var” fikirlərlə təxirə salmaları azalda bilərsiniz.

  • Hədəfə nə vaxt çatacam? Bu tarix nə qədər realdır?

  • Altı aydan sonra nə edə bilərəm?

  • Altı həftə sonra nə edə bilərəm?

  • Bu gün nə edə bilərəm?

Niyə SMART hədəflərindən istifadə etməli?

SMART hədəf çərçivəsini istifadə etmək atacağınız addımları, o hədəfə çatmaq üçün lazım olan mənbələri və bu yolda irəliləməni göstərən mərhələləri müəyyənləşdirir. SMART hədəf üsulu ilə hədəfinizə səmərəli şəkildə çatma ehtimalı daha yüksəkdir.

Uğurlar!

  

Oxşar yazılar