Məsafədən işləməyin mənfi və müsbət cəhətləri

22 Oktyabr 2020 4099

Qlobal və ölkəmizdə baş verən son hadisələr istənilən dövlət və özəl şirkətlərin iş rejimində dəyişikliklərə səbəb olub. Bir çox şirkətlər məsafədən işləmək prosesini həyata keçirir və bu prosesin həm müsbət, həm mənfi cəhətlərini yaşayır. Telekommunikasiya və İT alətləri bu müddət ərzində işçilərin əlaqə prosesini həyata keçirməkdə, planlamada, məhsuldarlıq meyarlarının ölçülməsində önəmli rol oynayır. “Cloud” xidmətləri, mobil tətbiqlər, video konfranslar həm işçilər üçün, həm işə götürənlər üçün məsafədən iş rejimini kifayət qədər mümkün hala gətirir.

Artıq istənilən sektorda məsafədən iş rejimi normallaşdırılır və insanlar da buna ayaq uydurmağa çalışırlar. Beynəlxalq səviyyədə artıq kifayət qədər onlayn platformalar var ki, məsafədən, freelance, yarım-ştat iş elanları yerləşdirilir və bu cür işlərə olan maraqda artım tendensiyası müşahidə edilir.

Buna baxmayaraq, bu prosesin özünə məxsus həm üstünlükləri, həm də mənfi cəhətləri vardır. Bu səbəbdən iş mühitinin yeni tələbi və yaxud azad qərarınızdan asılı olmayaraq məsafədən işin mənfi və müsbət cəhətlərini nəzərdən keçirin:

Müsbət tərəflər

İstənilən yerdən və istənilən zaman işin mümkünlüyü. 9-dan 6-a qədər ofisdə işləmək kimi tələbat məsafədən işləyərkən zərurət deyil. Bəzi işləri istənilən zaman bitirmək kimi şansınız var. 

Təbii ki, işləyəcəyiniz sahədən asılı olaraq bu tələbatlar dəyişə də bilər amma spesifik iş saatları tələb etməyən işlərdə bu məcburiyyət yoxdur. Bu səbəbdən, sizə uyğun qrafiki formalaşdırıb ən yüksək məhsuldarlıq saatlarınızda çalışmağın həzzini ala bilərsiniz.

Məsafə və tıxaclara son. Yəqin ki, heç birimiz ictimai nəqliyyat vasitələrindəki izdihamdan və tıxaclı yollardan istifadə etməkdən həzz almırıq. Bir çox insan erkən saatlarda yol qət etməkdən özünü yorğun hiss edir. Lakin, məsafədən iş rejimi heç bir şəkildə bizə bu çətinliyi yaratmır.

Rahatlıq. Məsafədən işləyərkən əlverişli iş saatları qurmağınız sizə gündəlik digər işlərinizə vaxt ayırmağa yardımçı olacaq. İstər kiçik ev işləri, istərsə də ki hobbiləriniz üçün saatlarınızı daha uyğun şəkildə ayıra bilərsiniz. Sadəcə, işinizdəki son tarixləri izləməyi unutmayın və öz komfort sahənizin qurbanı olmayın.

Daha az xərclər. Nə yol, nə yoldaşlarla nahar yeməyi nə də ki, formal geyim xərcləri məsafədən iş rejimində problem deyil (təbii ki, video konfranslar üçün formal geyinmək zərurəti istisnası olmaq şərti ilə). Məsafədən işləyərək büdcənizə qənaət edə bilərsiniz.

Sağlamlığınız üçün şərait. Məsafədən işləyən insanlar idmana daha çox vaxt ayıra bildiklərini etiraf edirlər. Bundan əlavə, hər-hansı virusa yoluxmaq şansınız da azalır və yaxud, xəstə olsanız belə evdə oturub müalicə olub yenə məhsuldar qalmaq kimi imkanınız var.

Fikrinizi daha rahat cəmləyin. Artıq sosiallaşmaq və ofis qeybətlərinə daha az ehtiyaclarınız olacaq. Məsafədən işləmək sizin tam fokuslanmağınıza şərait yarada bilər.

Mənfi tərəflər

Şəxsi nizam-intizama əməl etmək. Məsafədən işləyərkən istər evdə istərsə də başqa yerdə yüksək şəxsi nizam-intizam bacarıqlarını formalaşdırmaq mütləqdir. Tez-tez diqqətdən yayınmaq və öz komfort zonanın qurbanı olmaq kifayət qədər real və müşahidə olunan amildir. Buna görə də, maksimum şəkildə işə fikrinizi cəmləyə bilmək üçün özünüzə uyğun şərait və mühit qurmaq zəruridir.

Sosial ehtiyacların ödənməməyi. Əlbəttə ki, sosial şəbəkələrdə və digər onlayn platformalarda öz iş yoldaşlarınızla rahat əlaqə qura bilərsiniz. Lakin bu yolla sosial tələblərimiz tam ödənmir. Bu səbəbdən “remote” iş sizi bəzən dünyadan izolə edilmiş kimi hiss etdirə bilər. İş yoldaşlarınız və yaxud müdirinizlə bəzən görüşlər təşkil etməkdə fayda var.

Karyera yüksəlişi üçün limitlər. Ofisdəki işçinin öz qabiliyyətlərini nümayiş etdirməkdə şansları məsafədən işləyən işçidən daha yüksək ola bilər. Bu səbəbdən mümkün olduğu müddətcə ofisə baş çəkmələri və müdirinizlə sıx əlaqədə olmağı nəzərdən keçirmək lazımdır. Öz istək və maraqlarınızı ən yaxşı şəkildə çatdıra bilməyiniz üçün ən yaxşı şəkildə əlaqə saxlamağı bacarmalısınız.

Texnologiyadan asılılıq. İşinizin böyük bir hissəsi İT-dan asılı olur və hər bir informasiyanı ancaq bu yolla çatdıra bilərsiniz. İstər iş yoldaşlarınız, istərsə də müştərilərlə əlaqədə əliniz və gözünüz smartfonlar və kompüterlərdə olacaq. Bəzən bu texnologiyaların mükəmməl çalışmamağı da öz çətinliklərini ortaya çıxarır. Bu səbəbdən işinizin tələb etdiyi texnologiyadan asılısınız. Həmçinin dəyişən texnologiyaya alışmağa həmişə hazır olmalısınız.

İtmiş balans. Çox insan məsafədən işin rahatlığından bəhs etsə də, bu həmişə doğru deyil. Əgər ev və iş dairələrinizi müəyyənləşdirə bilməsəniz özünüzü əqli cəhətdən yorğun və itmiş vəziyyətdə tapa bilərsiniz. Baxmış olarsınız ki, işinizlə şəxsi həyatınız bir birinə qarışır.

Şübhəsiz, məsafədən iş artıq bir çox sahələrdə tətbiq edilir və bu cür iş rejiminə keçmək tövsiyə və təbliğ edilir. Son texnologiyalar bizə bunun üçün əlverişli şərait yaradır və biz onlardan maksimum yararlanmağa davam edirik. Lakin istənilən məsələdə dəyişikliklər öz mənfi cəhətlərini də büruzə verir. Buna görə də, bu məqaləmizdə sizə son tendensiyanın həm mənfi, həm müsbət cəhətlərini izah etməyə çalışdıq.

Oxşar yazılar