Müşayiət məktubu nədir və onu necə yazmaq lazımdır

18 Noyabr 2020 51776

Müşayiət məktubu və yaxud ingiliscədən “Cover Letter” özünüzü daha fərdi və yaddaqalan formada təqdim etmək üçün vakansiyaya müraciət ərizənizə əlavə edəcəyiniz sənəddir. Yaxşı yazılmış müşayiət məktubunda CV-dəki məlumatların üzərindən keçərək onları daha dərin ifadə edib karyeranızdakı fəaliyyətinizdən və uğurlarınızdan bəhs edə bilərsiniz.

İstənilən müşayiət məktubunu yazmağa başlayarkən məsləhətdir ki, müraciət etdiyiniz vakansiyanın məzmunu ilə tanış olub ona uyğun olaraq məktubun mətnini tərtib edəsiniz.

Bu yazımızda sizə müşayiət məktubunun nə olduğunu və necə yazılmalı olduğunu izah edəcəyik.

Müşayiət məktubu nədir?

Əgər CV-də haqqınızdakı faktları qeyd edirsinizsə, müşayiət məktubunda özünüz barədə məlumat verə bilirsiniz. Müşayiət məktubunun məqsədi özünüzü işə götürənə təqdim etməyinizdir və bunun kifayət qədər yadda qalan olması lazımdır. Bu o deməkdir ki, siz hazır formalardan istifadə etməməlisiniz. Hər bir məktub unikal olmalı, şirkətə və vakansiyaya görə yazılmalıdır.

Müşayiət məktubu üçün rəsmi bir forma yoxdur. Lakin təbii ki, məktub düzgün tərtib edilməlidir. Uğurlu müşayiət məktubu aşağıdakı kimi təsvir edilə bilər:

  1. Yadda qalan təqdimat.
  2. Görülən işlərin və həll olunan problemlərin konkret nümunələri.
  3. Hərəkətə keçirəcək cümlə ilə son mülahizə.

Müşayiət məktubuna nələr daxil edilməlidir

Əlbəttə ki, müşayiət məktubuna bütün karyeranızdakı və həyatınızdakı anları və uğurları yazmamalısınız. Müşayiət məktubuna xüsusi və uyğun gələn məlumatları daxil etmək daha düzgündür. Bu məlumatlar oxucuya sizin karyeranızdakı və həyatınızdakı işlər və nailiyyətlər barədə informasiya verməli və sizin vəzifə üçün niyə mükəmməl namizəd olduğunu izah etməlidir. Bəzi araşdırmalara görə müşayiət məktubunuzda 3 məlumat zəruridir:

  • Namizədin iş təcrübəsi iş tələblərinə necə cavab verir
  • Namizədin bacarıqları iş tələblərinə necə cavab verir
  • Namizəd niyə məhz bu təşkilatda işləmək istəyir

Müşayiət məktubunuz oxucuya bu məlumatları verməli və onu əmin etməlidir ki, siz ən doğru namizədsiniz. Buna nail olmaq üçün isə işin təsvirini diqqətlə oxumalı və məktubun mətnini buna uyğun tərtib etməlisiniz.

Problemləri necə həll edə biləcəyinizi izah edin

Sadəcə şirkətdəki bəzi vəzifələri icra etmək və bunda mükəmməl olduğunuzu söyləmək kifayət deyil. Sözsüz ki, CV-də artıq vəzifə üçün lazımlı bacarığı qeyd etmisiniz. Lakin, müşayiət məktubu sizin üçün şansdır ki, orada bu baracarığı necə tətbiq etdiyinizi və necə uğur qazandığınızı təsvir edəsiniz. Hansı fəaliyyətlərlə və təcrübələrlə şirkətə fayda qatacağınızı aydın şəkildə izah etməlisiniz.

Müvafiq bir ton seçin

Hər bir yazının səs və tonu vardır. Səs və ton sizin yazınızın tərzini və özünüzü ifadə şəklini təsvir edir. Bundan əlavə spesifik rollar və sahələr yazıda xüsusi intonasiya tələb edə bilər. Məsələn, start-up biznes vəzifələrinə seçdiyiniz yazı tonu ilə hüquq vəzifələrinə seçdiyiniz yazı tonu arasında sözsüz ki, fərqlər olacaq.

Öz hekayənizi danışın

Karyeranız boyunca öyrəndiyiniz təcrübələrdən öz hekayənizi danışmaq işə götürənlərin diqqətini çəkəcək. Unutmamaq lazımdır ki, bunu edərkən səmimi olmaqla yanaşı hekayənizi şirkətin tələblərinə uyğun olaraq şəkilləndirməlisiniz. İstifadə etdiyiniz hansı bacarıqların həmin şirkət və vəzifə üçün uyğun olduğuna baxın. Bu bacarıqları kəşf etdikdən sonra buna uyğun hekayənizi təsvir edə bilərsiniz. Unutmayın ki, öz hekayənizi yazarkən yalnız nə etdiyinizi və öyrəndiyinizi deyil, bu öyrəndiklərinizi şirkətdə necə tətbiq edəcəyinizi də izah etməlisiniz. İş axtarmaq prosesi bizim özümüzə qatacağımız dəyərdən çox digərlərinə necə dəyər qatacağımız düşüncə ilə də irəliləməlidir.

Məsələn, marketinq meneceri vəzifəsinə müraciət edirsinizsə tələblərdə “yüksək təqdimat bacarığı” və “müştərilərlə yüksək ünsiyyət qabiliyyəti” qeyd oluna bilər. Siz öz müşayiət məktubunuzda sadəcə qeyd edə bilərsiniz ki, bu cür bacarıqlarınız var və bunları hər-hansı iş və layihələrdə inkişaf etdirmisiniz. 

Tamamilə səmimi olmağa çalışın

Sizdə olmayan bacarıqları və yaxud etmədiyiniz bir işləri qeyd etsəniz bu sizə bəzən baha başa gələ bilər. Müsahibə və yaxud testlər zamanı reallıq ortaya çıxa bilər. Hər bir halda düzgünlük ən doğru siyasətdir.

Unikal olun

“Mən 2 il təcrübəli sosial media marketinq meneceriyəm və kreativ kontentlər yaradıram. Bu səbəbdən əminəm ki, sizin şirkət üçün ən uyğun namizədəm” yazmaq çox qeyri unikal səslənə bilər. Çox güman ki, digər namizədlər də, özünü ən yaxşı formada təqdim etməyə çalışacaqlar. 

Məktubu sizinlə əlaqə qurmaq üçün səbəblər ilə sonlandırın.

Məktubun sonunda, daha çox məlumat verməyə hazır olduğunuzu və onlarla danışmağı səbirsizliklə gözlədiyinizi söyləyən bir cümlə ilə bitirməyiniz nəzakətli və həvəsli olduğunuzu göstərə bilər. Bu hissədə işəgötürəni sizi müraciətiniz növbəti pilləsinə irəliləməyə çağırmalısınız.

Yazınızı korrektə etməyi unutmayın

Məktubunuzu hər zaman hər-hansı səhvlərdən yoxlayın və tanışlarınızdan onu oxuyub məsləhətlərini bölüşməyi xahiş edin. Bununla həm səhvləri aradan qaldıra bilir, həmçinin, kənar fikirləri ala bilərsiniz.

Müşayiət məktubunu necə unikal yazmaq olar?

Müşayiət məktubunuzun unikal olması üçün aşağıdakıları nəzərə alın:

  • Yazınızı və tərzinizi unikal etməlisiniz və oxucuya fərdi olaraq kim olduğunuzu göstərməlisiniz.
  • İş elanı ilə birbaşa əlaqəli təcrübə və bacarıqları daxil etməlisiniz.

Bunlar bir-birinə zidd ifadələr kimi görünə bilər, lakin müvəffəqiyyətli bir məktub yazmaq üçün hər ikisini nəzərə alın.

Düzgün və səmimi bir məktub yazdığınıza əmin olduqdan sonra artıq onu müraciətinizə əlavə edə bilərsiniz. Unutmayın ki, məktubunuzdakı ən əsas nüanslar odur ki, tamamilə unikal, şirkət və vəzifəyə uyğun bir mətn tərtib etməlisiniz. Hazır formatlar və yaxud kənar informasiyalar sizi qeyri-ciddi təqdim edə bilər. Səmimi və müvafiq informasiyalarla dolu bir məktub yazdığınızdan əmin olun.

İstinad: Glasdoor portalı

Oxşar yazılar