Stress müsahibə nədir? Stress müsahibələrində işəgötürənlərin rolu.

24 Yanvar 2021 4545

Son zamanlarda bir çox şirkət işə götürmə mərhələsində doğru namizədi seçmək üçün stress müsahibə üsulundan istifadə edir. Normal müsahibələrin belə stress yaratdığını düşünsək, stress müsahibələr doğru idarə olunmadıqda arzu olunmayan nəticələrə gətirib çıxara bilir. İş axtaran namizədlər stress müsahibə zamanı məruz qaldıqları davranışlara görə məsələni səhv başa düşə və təhqir olunduqlarını düşünə bilərlər. Bu səbəbdən stress müsahibədən narazı qalan namizəd hər hansı mühitdə, hətta sosial şəbəkələrdə məruz qaldığı davranışlar barəsində narazılığını bildirməyə çəkinmir. Belə hallar şirkətin nüfuzuna xələl yetirə bilər. Bu da işəgötürənlərin qaş düzəltmək istəyərkən, göz çıxarması deməkdir.


Bəs stress müsahibə nədir?

Bu müsahibələrdə namizəd bir az gözlədildikdən sonra müsahibənin keçiriləcəyi otağa aparılır. Bir az söhbət edilir, sonra aqressiv bir tonla “Niyə sizi işə götürməliyik?”, “CV-də görürəm ki, indiyə qədər üç iş yeri dəyişmisiniz. Bunun uğursuzluq olduğunu düşünürsünüz? " kimi müsahibədə iştirak edən namizədin gərginliyini artıran suallar verilir. Bəzən gərginliyi və təzyiqi artırmaq üçün uzun müddətli sükutlar və sərt bədən dili istifadə olunur. Müsahibə mövzu və mövqe ilə əlaqəli olmayan, “Filan futbol klubunun idarəçisi olsanız, nə edərsiniz?” kimi namizədincavabı bilməkdə və anlamaqda çətinlik çəkəcəyi suallar ilə davam edir. Müsahibə götürən şəxs aqressiv bir yanaşmaya bir az da olsa, təkəbbür əlavə etdikdə namizəddə stress yaranır. Əlbəttə ki, bu müsahibə izah olunduğu kimi bəsit konsepsiya deyil.

Stress müsahibəsi namizədin müraciət olunan işin tələb etdiyi meyarlara cavab verib-vermədiyini yoxlayan ən güclü müsahibə metodlarından biri hesab olunur. Ümumi olaraq, stress müsahibələrinin məqsədi stressli iş mühitinə uyğunlaşa biləcək namizədləri seçməkdir. Bu müsahibə metodundan istifadə edərkən işəgötürənlər iş yerindəki qarşıdurmalar, çətin müştərilər və artıq iş yüklənməsi kimi məsələləri namizədin necə həll edəcəyini araşdırırlar. Stressli vəziyyətlərə psixoloji və fiziki reaksiyaları qiymətləndirmək üçün namizədi qəsdən təhrik edirlər.

Bununla birlikdə, stress müsahibələri diqqəti və səbri ölçmək üçün də istifadə edilir. Stress müsahibələrində namizədin səbrli və sakit olmağı, mənasız görünən sualları cavablamağı və əsəbləşmədən həll yolları doğuran cavablar verməyə çalışmağı gözlənilir.


Stress müsahibə hansı iş sahələrində tətbiq olunur?

Hamıya məlumdur ki, stress iş həyatımızın bir hissəsidir və stresi idarə edə bilmədikdə nəticələri xoş olmaya bilər. Buna görə də, səhv etmək şansının minimum, saniyələrin belə çox qiymətli olduğu, sürətli qərar qəbul etməyi və yüksək məsuliyyəti tələb edən iş sahələrində stress müsahibələr tətbiq oluna bilər. Məsələn, pilotluq, bank sahəsi, polis və ya xüsusi təhlükəsizlik vəzifələri, yüksək miqdarda pulu idarə edəcək insanlar, markanı birbaşa təmsil edəcək nümayəndələr, çətin müştərilər ilə birbaşa işləyəcək şəxslər stress müsahibəyə alınır. Çünki bu sahələrdə insanın stress altında olarkən özünü, vəziyyəti və ətrafı necə idarə etdiyini öncədən ölçülməlidir.

Daha çox insanı yönləndirmək, nəzarət etmək istər-istəməz işçiyə böyük məsuliyyət verir. Bu səbəbdən də bu metod yüksək səviyyəli rəhbər namizədlərə də tətbiq edilə bilər. Stressli mühitin nə qədər pis təsir etdiyini, mənfi cəhətləri fürsətə çevirə bilmə bacarığını idarə edə bilmə qabiliyyətinə sahib olmaları lazım olduğu üçün menecerlərin cavabları stress müsahibələrində ölçülür. Bu, həmçinin, işçilərin motivasiyasının və performansının azaldılması və komandanı pozmamaq üçün də vacibdir.


Stress müsahibələrdə işəgötürənlərin rolu

Stress müsahibəsi metodunun adı tez-tez xatırlansa da, ölkəmizdəki bir çox menecer bu üsuldan şüursuz istifadə edir. Kifayət qədər təcrübə və biliklərə sahib olmayan insan resursları menecerlərinin və hətta şöbə rəhbərləri dəyərlərimiz və mədəniyyətimiz ilə əlaqəsi olmayan, başqa mədəniyyətlərə məxsus müsahibə suallarını tərcümə edərək və ya Google-da "stress müsahibəsi sualları"  axtararaq stress müsahibələri təşkil edirlər. Eyni zamanda, namizəddən stressli vəziyyətlərdə necə reaksiya göstərəcəyi barədə maksimum məlumat almaq əvəzinə, namizədi lazımsız şəkildə sıxır və yorurlar.

Beləliklə, internet suallarını kopyalayaraq şirkətin imicinə və insan resurslarına verdiyi dəyərə zərər vururlar.

Psixoloji biliyi olmayan idarəçilər namizədin cavabları ilə özünü, yəni  "o vəziyyətdə mən olsaydım nə edərdim" sualı verərək müqayisə edir və qiymətləndirirlər. Təəssüf ki, namizədlərin təhqir olunması və şəxsiyyətin alçaldılması halları ilə də rastaşılır.

Bununla birlikdə, stress müsahibələrində ​​yaradılan stressli mühitdə namizədin verdiyi reaksiyalar iş təzyiqi altında verəcəyi reaksiyalardan fərqli ola bilər. Üzbəüz görüşün məqsədi namizədi ən yaxşı şəkildə tanımaq olduğundan namizədin özünü mümkün qədər rahat ifadə edə biləcəyi bir mühitin yaradılması müsahibə nəticəsində daha çox məlumat almağa yol açacaq. Təzyiq altında olan namizəd özünü qapamağa meylli olacağından, namizəd haqqında məlumat əldə etmək çətinləşir. Bununla birlikdə, rahat və təhlükəsiz hiss edən insanlar özləri haqqında daha çox məlumat paylaşırlar.

Bu səbəbdən də stress müsahibələrini mütəxəssislərin öhdəsinə buraxmaq ən düzgün seçimdir.

Bundan əlavə hr təlimləri haqqında ətraflı məlumat almaq üçün keçid edin.

Müsahibədən sonra işəgötürənlər nə etməlidir?

Stress müsahibə götürən insan resursları menecerinin etməsi gərəkən iki şey var:

1. Müsahibədən sonra namizədə stress müsahibədə olduğu barədə məlumat vermək.

Müsahibədən sonra namizədə stress müsahibədə olduğunu, nəyə görə olduğunu, doğru və inkişaf etdirməli olan yönlərinin bildirilməsi daha məqsədə uyğundur. Yalnız bu şəkildə stress müsahibəsindən sonra namizəd nə etdiyini və nə üçün etdiyini anlamalı və işəgötürənlə həmrəy olub ona haqq verməlidir. Beləliklə, bu davranışla işəgötürənlər namizədin getdiyi hər mühitdə şirkət və idarəçiləri sərt tənqid etməsini, dostlarının şirkətin xidmət və məhsullarından istifadəsini qınamasını əngəlləyə bilər.

Necə ki, ağızdan ağıza marketinq (word of mouth marketing) tez zamanda yayılır və ərtafımızdakı insanların təriflədiyi markalara inamla üz tuturuq, bunun əksi də doğrudur. Yəni ərtafımızdakı insanların pislədiyi şirkətlərdən rahatlıqla və tez bir zamanda üz döndərə bilirik.

2. Namizədin şəxsiyyətinə, dəyərlərinə toxunacaq hər hansı davranışa yol verməmək

Stress müsahibələrinin ehtiyac duyulmayan vazifələr üçün də tətbiq olunması və bunun namizədə bildirilməməsi namizədə böyük hörmətsizlikdir.

Müsahibə götürən şəxslərin unutmamalı olduğu ən vacib məsələlərdən biri də özləri haqqında mənfi bir təsəvvür yaratmaq imiclərinə və iş həyatlarına necə təsir edəcəyidir. İş həyatında hər birimiz qarşılaşma ehtimalı ən az olan insanlarla heç gözləmədiyimiz yerlərdə qarşılaşa bilirik. İşəgötürənlər gələcəkdə başqa bir şirkətdə pis davranılan namizədlə qarşılaşma, eyni mühitdə işləməyə məcbur olma ehtimalını nəzərə almalıdırlar.

Bir nüans da unudulmamalıdır: Şirkətlərin insan resurslarına verdiyi dəyər namizədlərə və işçilərinə göstərdikləri hörmət və peşəkarlıqla düz mütənasibdir.

Oxşar yazılar