Uğurlu Karyeraya başlamağın 5 Əsas yolu

16 Oktyabr 2020 4189

İstənilən sahədə karyeranız üçün atılan ilk addım çox zaman ən çətin olur. Bu çətinliyi yaşayanlar xüsusən yeni məzunlardır. Minlərlə məzunun içindən seçilmək və iş bazarında öz yerini tapmaq hər gənc məzunun üzləşdiyi çətinliklərdən biridir.

Lakin, qaranlıq göründüyü qədər məsələnin aydın tərəfləri də var. Əldə etdiyiniz professional, şəxsi qabiliyyətləriniz və təcrübəniz sizi həmişə bir addım irəli aparacaq. Əgər, işəgötürənlərə öz əzmkarlığınızı və daimi inkişaf səylərinizi nümayiş etdirsəniz rəqabətdə önə çıxmaq şansınız böyükdür. Çünki şirkətlərə yalnız akademik nəticələriniz deyil, zamanla öz bacarıqlarınızı necə artırdığınız da vacibdir.

Bəs bunun üçün nə etmək lazımdır? Necə etmək olar ki, istədiyiniz sahədə uğurlu iş həyatına başlaya biləsiniz? Aşağıdakı məsləhətlər bu suallara cavab tapmaq və hərəkətə keçməyinizə yardımçı olacaq.

  1. Təcrübə proqramlarından yararlanın

Müxtəlif araşdırmalar göstərir ki, təcrübə proqramlarının və ilkin iş təcrübəsinin yeni məzunların işə qəbul olmasında müsbət təsiri var. Bu araşdırmalar daha çox qərb ölkələrində aparılsa da, bənzər reallığı bizim bazar üçün də müşahidə etmək mümkündür. Təhsil aldığınız müddət ərzində iştirak etdiyiniz layihələr və istənilən təcrübə imkanları sizə və gələcək karyeranıza böyük sərmayədir. Odur ki, qarşınıza çıxan şansları dəyərləndirmək sizə getdiyiniz yolda daha əmin və uğurlu olmağa yardımçı olacaq. Mövcud təcrübə imkanlarından xəbərdar olmaq və yararlanmaq üçün təcrübə proqramlarını izləməyi unutmayın.

  1. Könüllülük layihələrində iştirak edin

Könüllü iş görmək və pulsuz işləmək bəzən qəribə səslənsə də, onlardan yararlanmaq sizi daha təcrübəli və bilikli edəcək. Unutmayın ki, sizə pul qazanmaq üçün ilk olaraq təcrübə lazımdır. Könüllülük proqramları sizə komanda işi, ortaq məqsəd üçün çalışmaq və yararlı bir prosesin parçası olmaq kimi faydalar qatacaq. Ölkəmizdə hazırda  “Asan Könüllü” , “Könüllü DOST” ,  “Bir Tələbə-Könüllü Proqramı” və universitet daxili digər proqramlar və layihələr mövcuddur. Bu cür universitet daxili proqramlar və layihələrə nümunə kimi isə  AİESEC  və  ATGTİ  kimi təşkilatları nümunə göstərmək olar. Unutmayın ki, yaxşı araşdırmaqla və aktiv fəaliyyət göstərməklə daha da çox imkanlardan yaralana bilərsiniz.

  1. Onlayn Portfolio yaradın

Başlayacağınız sahədə özünüzü göstərmək və tanıda bilmək sizə yeni qapılar açmağa yardımçı olacaq. Xüsusilə, insanların onlayn fəaliyyətlərinin artdığı dövrdə, diqqəti cəlb etmək və seçilmək vacibdir. Linkedin səhifənizin olması ilkin tələblərdəndir, lakin onu inkişaf etdirmək, düzgün əlaqələr yaradıb qabiliyyət və fəaliyyətlərinizi göstərmək əlavə bir səy tələb edir. Onlayn aktivliyinizin təmin olunduğundan və trendləri izlədiyinizdən əmin olun.

Bundan əlavə öz bloqunuzu Wordpress kimi mənbələrdən istifadə edərək inkişaf etdirib daha yüksək onlayn performans nümayiş etdirə bilərsiniz. Bununla siz öz azad platformanıza sahib olmuş olarsınız və fikirləriniz daha orijinal səsləndirə bilərsiniz.

  1. “Networking” etməyi unutmayın

Karyeranızla əlaqəli ola biləcək şəxslərlə onlayn bağlantılar qurun. Onların vasitəsilə həm onların uğur hekayələrindən yararlanmış olarsınız, həm də sizin də bu sahə üzrə maraqlandığınızı və nələrsə etmək istədiyinizi göstərmiş olarsınız. Düzgün insanlarla bağlantılar qurmaq bəzi vakansiyalara müraciətlərdə sizi digər namizədlərdən fərqləndirəcək. Siz artıq həmin şirkətin işçilərinə özünüzü əvvəlcədən tanıtmış olacaqsınız.

“Networking” etdiyiniz müddətdə “freelance” işlər tapmaq imkanlarınız da artacaq. Çünki əksər biznes üçün freelance işçilər lazım olur. Hansı işləri edə biləcəyiniz barədə məlumatları  bloqumuz -dan əldə edə bilərsiniz.

  1. Fikir mübadiləsində iştirak edin

Maraqlı CV və sosial media profiliniz öz fikirlərinizi və biliklərinizi bölüşmədikcə tam deyil. İşə götürənlərə bu sahədəki trendləri izləyən və öz mülahizələrini yürüdə bilən namizədlər daha maraqlıdır. Təbii ki, bütün bunlar sizin orijinal fikirlər yazdığınız müddətcə daha çox təqdir ediləcək.

Düzgün arqumentlər ortaya çıxarmaq və əsaslı fikirlərinizi bölüşmək sizi fərqli və rəqabətcil namizədlərdən biri edəcək.

Oxşar yazılar