Yüksək tələbat olan və onlayn öyrənə biləcəyiniz 5 bacarıq
Pandemiya dövründə bir çox insanın iş yerləri bağlandı və bəzi insanlar gəlirlərini itirdi, evdən işləmək məcburiyyətində olan və ya məcburi məzuniyyətə göndərilən də xeyli insan var. Hələ də işdən çıxarılma riski ilə üz-üzə olan bir çox insan var.
Artıq bir çox işin onlayn formada həyata keçirildiyi bu dövrdə şirkətlər tərəfindən yeni bacarıqların tələb olunması normal hal alır. O səbəbdən yeni bir iş və ya karyera yükəlişi üçün yeni bacarıqları öyrənmək olduqca faydalı ola bilər.
İnternet, sosial media və texnologiya dövründə yeni bir bacarığı mənimsəmək mümkün və əlçatandır. Yalnız internet bağlantısının köməyi ilə minlərlə kilometr uzaqda olan, dünyanın ən yaxşı müəllimləri və mütəxəssislərindən yeni məlumatlar öyrənə, biliklərinizi artıra bilərsiniz.
Gəlir mənbələrinizi artırmaq istəyir və ya sadəcə karyeranızı dəyişdirə biləcək bacarıqlar axtarırsınızsa, bu yazı sizə faydalı olacaqdır.
Qrafik Dizayn
Rəng sxemlərini başa düşür, dizayn üçün zövqünüzün olduğunu düşünür, maraqlı dizaynları sevirsinizsə, qrafik dizayner bacarıqlarına yiyələnməyi düşünə bilərsiniz. Bir çox kompüterlə əlaqəli peşələr kimi bu peşəyə də böyük tələbat var və əmin ola bilərsiniz ki, gələcək illərdə də yerini itirməyəcək. Əksinə, qrafik dizaynerlər üçün iş elanlarının sayı durmadan artır.
Qrafik dizayner olmağa Photoshop, Illustrator və s. proqramlar öyrənməklə başlaya bilərsiniz. Bu proqramlar əsas qrafik dizayn bacarıqlarını mənimsəmək üçün prosesin vacib bir hissəsidir. Biliklərinizi zənginləşdirmək dizayn bacarıqlarınızı əldə etmək və inkişaf etdirmək üçün İnternetdə ödənişli və ya ödənişsiz olan saysız-hesabsız kurslardan istifadə edə bilərsiniz.
Rəqəmsal Marketinq
Yüksək rəqabət şəraitində şirkətlər yeni müştərilər əldə etmək üçün fərqli yollar sınayır, xidmətlərini və məhsullarını tanıtmaq üçün yeni effektiv alətlər axtarırlar. Təxminən 6 milyard insan məlumat, məhsul və ya xidmət əldə etmək üçün smartfonlar vasitəsilə rəqəmsal dünyaya çatır. Bu səbəbdən internet dünyanın hər yerində milyonlarla marka üçün həlledici bir marketinq vasitəsi halına gəlib.
Rəqəmsal marketinq davamlı olaraq inkişaf edir və tezliklə qəzet, jurnal, küçə bannerləri, radio yayımları və televiziya reklamları kimi ənənəvi reklamları üstələyə bilər.
Rəqəmsal marketinq onlayn videolar, veb-saytlar, bloglar, SEO, veb-banner reklamları, e-mail marketinqi, Twitter, Instagram, Facebook və LinkedIn kimi sosial şəbəkə marketinqini əhatə edir. Rəqəmsal marketinqi ödənişsiz (Məsələn: Google Digital Garage) və ya müəyyən məbləğ ödəməklə onlayn kurslardan öyrənə bilərsiniz.
Data Analitik
Təəccüblü deyil ki, internet əsrində data analitik bacarıqlarına sahib olmaq önəmlidir, lakin bu sahədə ixtisaslı mütəxəssislər hələ də azdır. Bundan əlavə, data analitik peşəsi müasir iş bazarında ən sürətlə böyüyən rollardan biridir.
Data analizi barədə asanlıqla onlayn kurs tapmaq, internetdə mövcud olan çoxlu video dərslərdən istifadə etmək mümkündür. Google və ya YouTube vasitəsilə araşdırma etməklə bir çox resurs tapa bilərsiniz. Peşəkar müəllimdən öyrənmək istəyirsinizsə, onlayn kurs platformalarından faydalanmaq olar.
Bu sahədə atılacaq ilk adımlardan biri Microsoft Excel-dən məlumatların təhlilini və səmərəli istifadəni öyrənməkdir. Sonra isə Python, SAS, R və s. kimi dillərdən birini öyrənə bilərsiniz.
SEO mütəxəssisi
SEO (search engine optimization) axtarış zamanı veb-saytınızın önə çıxmasını, sayta gələn ziyarətçi sayının artmasını təmin edir. SEO mütəxəssisləri veb-sayta trafik artımını həm keyfiyyət, həm də kəmiyyət baxımından necə yaxşılaşdırmağı bilməli, yəni ziyarətçi cəlb etmək üçün veb-sayt məzmununu optimallaşdırmalıdırlar.
İnternetdə hər gün saysız-hesabsız mətnlər yüklənir, onlar arasında irəli çıxmaq, düzgün auditoriyaya çatmaq üçün SEO mütəxəssisinin rolu mühümdür. Nəticə olaraq da SEO mütəxəssislərinə tələb artır.
Axtarış sistemlərinin strategiyaları tez-tez dəyişir, ona görə də, veb-saytların daim dəyişən axtarış alqoritmlərinə uyğunlaşmaları lazımdır. Beləliklə veb-sayt optimallaşdırması əslində bitməyən bir prosesdir. SEO öyrənərkən öyrəndiklərinizi dərhal həyata keçirə biləcəyiniz bir blog açmaq yaxşı fikir ola bilər.
Proqramlaşdırma
Maşınlar bir çox peşə sahəsində insanları əvəz edərkən, bu maşınları proqramlaşdıra bilən birinə daima tələbat olacaqdır. Kompüter proqramlaşdırma bacarıqları gündəlik həyatımızın ayrılmaz hissəsi olan proqramlar, proqram təminatı, planşet və smartfon tətbiqetmələri yaratmağa imkan verir.
Özünüzü gələcəkdə bu peşədə sınamaq istəyirsinizsə, PHP, Java, Python, C, C ++ kimi ən geniş yayılmış proqramlaşdırma dillərindən birini öyrənməyə başlaya bilərsiniz. Başlamaq üçün kompüter və internet bağlantısı kifayətdir. İnternetdə nəzəriyyədə və praktikada proqramlaşdırmanı mənimsəmək üçün siz bütün lazımi vasitələri tapa bilərsiniz. Bunu üçün saysız-hesabsız kodlaşdırma kursları və pulsuz mənbələr mövcuddur.
Bonus: Xarici dil öyrənmək
Xarici dildə səlis danışmaq uğurlu karyera qurmaq üçün əhəmiyyət kəsb edir və bir çox fürsətlərə qapı açır. Həmçinin bir neçə dil bilməklə onlayn öyrənmək üçün geniş resurslar əldə edə bilərsiniz. Xarici dil öyrənmək haqqında daha ərtaflı məlumat almaq üçün “Karyeranız üçün xarici dilin önəmi. Necə dil öyrənmək olar?” yazımızı oxuya bilərsiniz. Uğurlar!